"Qarabağ" futbol üzrə Azərbaycan Premyer Liqasına qələbə ilə start verib.

"Report"un məlumatına görə, son çempion ilk tur matçıda "Azersun Arena"da "Səbail"i qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 42-ci dəqiqədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı açıb. Fasiləyə əlavə olunmuş 2-ci dəqiqədə komandanın digər hücumçusu Ramil Şeydayev penaltidən fərqi artırıb. Meydan sahibləri fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.

İkinci yarıda da üstün tərəf Ağdam komandası olub. Şeydayev 47-ci dəqidə özünün dublunu, komandasının 3-cü qolunu rəsmiləşdirib. Bununla belə, "dənizçilər" meydana sonradan daxil olmuş gənc Elmir Tağıyevin uzaqdan vurduğu zərbə ilə hesab arasındakı fərqi azaltmağa müvəffəq olub. Bu qol vurulanda tablo 71-ci dəqiqəni göstərib.

Qarşılaşmada başqa qol olmayıb və "Qarabağ" 3 xalla turnir cədvəlinin liderinə çevrilib. Qurban Qurbanovun komandası Rəşad Sadıqovun baş məşqçisi olduğu "Zirə"ni top fərqində qabaqlayır.

Xatırladaq ki, turun açılış matçında "Kəpəz" "Dalğa Arena"da "Zirə"yə 1:2 hesabı ilə uduzub.

.