"Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib.

Şahid Rais Qocayev ifadəsi zamanı hadisənn necə baş verdiyini görmədiyini bildirib: “"Kia Rio” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olurdum. Bərdə-Bakı arasında sərnişinləri gətirib aparıram. Bərdədən Bakıya axırıncı müştərini aeroporta aparıb düşürmüşdüm. Aeroport istiqamətindən geri qayıdırdım. Maşınla 70/80 km/saat sürətlə hərəkət edirdim. Arxadan səs gəldi. Yolda maşınların saxlayıb qəza olan tərəfə qaçdığını gördüm".

Daha sonra digər şahid, xarici ölkə vətəndaşı olan Ramiz Ayvazovun hazırda ölkədə olmadığı bildirilib, onun istintaqa verdiyi ifadə elan edilib: "Mən Gürcüstan Respublikası vətəndaşıyam. Bakıya yük gətirmişdim. TIR-da olan yükü boşaltdıqdan sonra şəhəri yaxşı tanımadığım üçün programla TİR parkına tərəf gedirdim. Normalda 50-60 km/saat sürətlə hərəkət edirdim. Heydər Əliyev prospektində tunelə yaxınlaşdıqda sürətimi azaltdım. TIR-ın sürətini 30 km/saata saldım. Maşının üstü tünelin körpüsünə dəyməsin deyə belə etdim. Birdən arxadan səs gəldi. Elə bildim TIR-ın arxası tunelin körpüsünə dəydi. Düşüb baxanda gördüm ki, "Porsche" markalı avtomobil TIR-ın altına girib. Şok oldum. Sonradan öyrəndim ki, həmin maşında Ruslan Məmmədov həyatını itirib. Sürücü isə xəstəxanaya yerləşdirilib".

Bundan sonra prosesdə sənədlərin tədqiqi olub. Tədqiq başa çatandan sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Prokuror çıxış edib. Dövlət ittihamçısı Nicat Şakirlinin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi martın 7-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il avqustun 15-də Nərimanov rayonu, Heydər Əliyev prospektində qeydə alınıb. Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində blogerin avtomobildə olan dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin qolu amputasiya edilib.

Blogerə Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

.