Azərbaycanda məktəbli geyimi ətrafında aparılan müzakirələr beynəlxalq mediada da müxtəlif yanaşmaların ortaya çıxmasına səbəb olub. Məsələ ilə bağlı Yeni Zaman Partiyasının sədri Musa Ağayev Yeni Zaman Az saytına açıqlamasında bildirib ki, beynəlxalq mətbuatda Azərbaycana qarşı aparılan qərəzli informasiya manipulyasiyaları narahatlıq doğurur və məsələnin mahiyyəti düzgün təqdim edilməlidir.
Musa Ağayev qeyd edib ki, Azərbaycanda hicab və niqaba ölkə üzrə ümumi qadağanın olması ilə məktəblərdə vahid geyim qaydalarının tətbiqi fərqli məsələlərdir. Onun sözlərinə görə, bu iki məsələnin eyniləşdirilməsi ictimaiyyətdə yanlış təsəvvürlərin yaranmasına və ölkənin daxili siyasəti ətrafında əsassız müzakirələrin aparılmasına gətirib çıxara bilər.
Partiya sədri vurğulayıb ki, Azərbaycan dünyəvi dövlətdir və təhsil sisteminin təşkili də bu prinsipə əsaslanır. Vahid məktəbli geyimi təhsil mühitində nizam-intizamın qorunması, şagirdlər arasında bərabərliyin təmin olunması və ümumi qaydaların formalaşdırılması baxımından qiymətləndirilməlidir. Eyni zamanda, bu məsələyə yanaşarkən Konstitusiyada təsbit olunmuş vicdan azadlığı və digər hüquq və azadlıqlar nəzərə alınmalıdır.
Musa Ağayev bildirib ki, Yeni Zaman Partiyası məktəbli geyimi məsələsi ilə bağlı mövqeyini daha əvvəl də açıqlayıb. O, Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdlərini pislədiklərini və vahid məktəbli geyimi ilə bağlı Partiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nə əlavə edilmiş tələbləri dəstəklədiklərini bir daha bəyan edir.
Partiya sədri hesab edir ki, ölkədə məktəbli geyimi ətrafında aparılan müzakirələr obyektiv məlumatlara və hüquqi prinsiplərə əsaslanmalıdır. Azərbaycanın təhsil siyasətinin ayrı-ayrı məqamlarının beynəlxalq ictimaiyyətə birtərəfli təqdim olunması məsələnin mahiyyətinin təhrif edilməsinə səbəb ola bilər.
Musa Ağayev vurğulayıb ki, məktəbli geyimi məsələsi dini qarşıdurma yaratmaq və Azərbaycanın daxili işlərinə müdaxilə üçün vasitəyə çevrilməməlidir. O qeyd edib ki, bu mövzuda fərqli fikirlərin səsləndirilməsi təbiidir, lakin müzakirələr ölkənin qanunvericiliyinə, suverenliyinə və cəmiyyətin maraqlarına hörmət çərçivəsində aparılmalıdır.
.
