"Moody's Investors Service"ə ("Moody's") görə, COVID-19 pandemiyası ərəfəsində Azərbaycanın ümumi dövlət borcunun ÜDM-ə nisbəti təxminən 20% təşkil edib. Bu, Mərkəzi Asiya və Qafqaz regionunda yerləşən ölkələr arasında Qazaxıstandan sonra ən yaxşı göstəricidir.

"APA-Economics"in "Moody's"ə istinadən verdiyi məlumata görə, pandemiyaya və aşağı nefti qiymətləri ilə bağlı şoklara baxmayaraq, Azərbaycanın maliyyə buferlərinin düşünülmüş idarəetməsi ölkəni əlavə borclanmadan qurtararaq ümumi dövlət borcunun ÜDM-ə nisbətini 2023-cü ilədək 24-25%-dən çox yüksəlməyə imkan verməyəcək. Nəticədə, bu göstəriciyə görə, ölkə 2023-cü il üçün Qazaxıstanı da qabaqlayaraq region lideri olacaq.

Qeyd edək ki, Maliyyə Nazirliyinin son məlumatlarına görə, Azərbaycanın ümumi dövlət borcu 17,352 mlrd. manat və ya ÜDM-in təxminən 21,6%-ni təşkil edib.

Xatırladaq ki, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında Azərbaycanın ümumi dövlət borcunun ÜDM-də payının 2025-ci ilədək 20%-ə çatdırılması hədəfləndiyi deyilir.

.