Neft qiymətlərinin bir barel üçün 70 ABŞ dollarından yuxarı səviyyədə sabitləşmə ehtimalı hələ ki, azdır.

Bunu RİA "Novosti"yə "Fitch" reytinq agentliyinin təbii sərvətlər və xammallar üzrə qrupunun direktoru Dmitri Marinçenko deyib.

Xatırladaq ki, çərşənbə axşamı "Brent" markalı neftin fyuçers qiymətləri martın 15-dən bəri ilk dəfə olaraq 70 dolları keçib.

"Önümüzdəki bir neçə ayda qiymətlərin dinamikası əsasən "OPEC+"ın (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) hərəkətlərindən və tələbatın canlanmanın dinamikasından asılı olacaq. Bazarda hələ də qeyri-müəyyənlik var, lakin qiymətlərin 70 dollardan yuxarı səviyyədə sabitləşməsi ehtimalı o qədər də yüksək deyil, 50-60 dollarlıq qiymət səviyyəsi əksər şirkətlər və istehsalçı ölkələr üçün məqbuldur", - deyə D. Marinçenko izah edib.

O həmçinin əlavə edib ki, "OPEC+" tərəfindən tətbiq edilən məhdudiyyətlər və tələbin yavaş bərpa olması səbəbindən bazarın defisitdə qalması davam edir, bu da, öz növbəsində, qiymətləri artırır.

.