Müsavat Partiyasının 27 sentyabr qurultayında başqan seçilmiş Arif Hacılının əsas rəqibi olmuş Qubad İbadoğlu "Yeni Müsavat” qəzetinin suallarını cavablandırıb.
O deyib ki, seçki günü və ona bir neçə gün qalmış seçicilərin iradəsinə təzyiqlər olub, ədalətlilik prinsipi pozulub: "Müsavatın icra aparatının resurslarından, İsa Qəmbərin adından bir namizədin xeyrinə sui-istifadə olundu və qarşı tərəfin 3 il bundan əvvəl başlayan səyləri nəticəsində müəyyən pozuntularla Müsavat başqanlığında məlum nəticə alındı.
Biz onların hər birini sistemli şəkildə qruplaşdıraraq arayış hazırlamışıq və onu araşdırmalar aparmaq üçün oktyabrın 10-da partiyanın müvafiq strukturlarına təqdim edəcəyik. Müsavat Partiyasında fəaliyyətimizi davam etdirmək əzmindəyik. Odur ki, partiyanın işini gücləndirmək üçün təkliflər paketi hazırlayıb onu da təqdim etmişik. Biz istəyirik ki, bizim təkliflərimiz nəzərə alınmaqla Müsavat Partiyasının yeniləşməsi, dəyişməsinə və yekunda da güclənməsinə nail olaq”.
Pozuntulara toxunan Qubad İbadoğlu deyib: "Seçkinin gizliliyi pozulub. Bəzi hallarda səsvermə kabinələrdə tək deyil, birgə aparılıb. Bunlar hamısı çəkilib. Hətta video var ki, zalda və dəhlizlərdə adamlar daha çox səs verir, nəinki seçki kabinələrində. Bunlar inkar olunan faktlar deyil.
Seçkinin nəticəsi də bəllidir, mənim alternativim yetərsaydan 3 səs artıq toplayıb.
Bundan başqa, seçkidən əvvəl və seçki dövründə müəyyən anti-təbliğat vasitələrindən istifadə olunub. Faktlara söykənmədən namizədlərdən biri haqda "bu, hökumətin adamıdır, hökumətə işləyir” təbliğatını aparmaqla qurultay nümayəndələrini çaşdırıb onları aldadıblar. Özü də bunu o adam haqda deyirlər ki, onun bank hesabları həbsdədir, seçkiqabağı haqqında cinayət işi açılıb. Bu, hökumətin mənə münasibətinin göstəricilərindən biridir.
İkinci, başlıca təbliğat da o oldu ki, İsa Qəmbər indiki şəraitdə Arif Hacılını daha məqbul namizəd hesab edir. Partiyanın icra aparatından qurultay nümayəndələrinə təzyiqlər oldu ki, siz hökmən İsa Qəmbərin namizədinə səs verməlisiniz”.
Qubad İbadoğlu İsa Qəmbərin seçki boyunca Arif Hacılıya gizli dəstək verdiyini iddia edib: "İsa Qəmbər özü də seçkidən sonrakı açıqlamasında bunu təsdiqlədi. Dedi ki, əgər mən açıq şəkildə dəstək versəydim, fərq böyük olardı. Bu o deməkdir ki, gizli şəkildə dəstəyini verib. Bizim əsas narahatçılığımız ondan ibarət idi ki, İsa bəy tərəflərin heç birinə açıq şəkildə dəstək verməsin. Amma sonradan İsa Qəmbərin adından sui-istifadə hallarına yol veriləndə mən bu barədə təşkilat komitəsində məsələ qaldırdım. Lakin heç müzakirə olunmadı. Hətta bu azmış kimi qurultay günü qurultay nümayəndələri ilə bu barədə fərdi söhbətlər oldu. Təsirlər nəticəsində məlum nəticə ortaya qoyuldu”.
.