Azərbaycan Demokratiya və Rifah Hərakatının sədri, iqtisadçı-ekspert Qubad İbadoğlu «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının Şura üzvlüyündən və Çoxtərəfli Qrup üzvlüyündən istefa verib.
Aznews.az-ın məlumatına görə, Qubad İbadoğlunun müraciəti əsasında bu barədə qərar «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının bu gün keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, Qubad İbadoğlu «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının Şurasına bu barədə müraciət etmişdi. O, müraciətində hazırda iştirak etdiyi proqramın müddətinin uzadılması ilə bağlı ilin sonunadək ABŞ-da qalacağını bildirib. Növbəti aylarda Koalisiyanın qarşısında daha vacib işlərin olduğunu və Şura üzvü, ÇQ üzvü kimi fəaliyyət göstərib töhfə vermək imkanlarının məhdudluğunu bildirən Q.İbadoğlu seçkili orqanlarda təmsilçiliyinin Koalisiya əsasnaməsinə uyğun həll edilməsini xahiş etmişdi.
Virtualaz.org-dan xatırlatma: bir müddət əvvəl saytımızın rəhbəri, araşdırmaçı jurnalist Eynulla Fətullayevin "ABŞ-ın yeni seçimi - Qubad İbadoğlu” adlı təhlili yazısını dərc etmişdik. Həmin yazıda qeyd olunurdu ki, Azərbaycandakı status-kvonun dəyişməsində həddən artıq maraqlı olan Vaşinqton 2018-ci ilin prezident seçkiləri ərəfəsində müxalif qüvvələrin yeni nisbətindən ibarət yeni şərait modelləşdirməyə çalışır və məsələdə Qubad İbadoğluna "stavka” edir.
Yeri gəlmişkən, Q.İbadoğlu ADR rəhbəri seçiləndən dərhal sonra ABŞ-a yollanıb və Azərbaycan hakimiyyətinə qarşı tənqidi hücumlarını okeanın o tayından da davam etdirir. Və yuxarıda vurğulandığı kimi, o, hazırda iştirak etdiyi proqramın müddətinin uzadılması ilə bağlı hələ bir neçə ay da ABŞ-da qalacaq.
.
