Bu ayın sonuna qədər ABŞ-ın simsiz rabitə əlaqələri istehsalçısı olan "Qualcomm” şirkəti ştatını xeyli azaldacaq.

İKT.lent.az-ın "Fudzilla” resursuna istinadən məlumatına görə, hazırda şirkət biznesin rasionallaşması və maliyyə durumunun möhkəmlənməsinə kömək edəcək restrukturizasiya işləri aparır.

Məsələ ondadır ki, şirkətin aparıcı mobil prosessorların tərtibatçısı bazardakı payın azalması və Çində olduqca böyük rəqabətin olması ilə rastlaşıb. Buna görə də şirkət bu ilin ikinci yarısı üçün gəlirlərin həcmi ilə bağlı proqnozunu azaltmağa məcbur olub.

2014-cü ilin dekabr ayında "Qualcomm” ixtisar proqramına təşəbbüs göstərib və bu proqrama təxminən 1 500 nəfər əməkdaş düşüb. Məlumata görə, bu dəfə 4 000 nəfər ixtisar oluna bilər.

Əgər "Fudzilla” resursunun verdiyi məlumat düzgün çıxsa, "Qualcomm”un ştatı təxminən 13 faiz azalacaq. Hazırda şirkətdə 31 300 nəfər əməkdaş çalışır.

Martın 29-da bağlanan maliyyə ilinin ikinci rübündə "Qualcomm” şirkəti 6,9 milyard dollar gəlir əldə edib. Şirkətin xalis mənfəəti isə 1,1 milyard dollar olub ki, bu da ötən ilin analoji maliyyə ili ilə müqayisədə 46 faiz azdır. O zaman şirkət 2 milyard xalis mənfəət əldə edib..