"Qafqaz Müsəlmanları İdarəsi Vətən müharibəsi dövründə öz geniş beynəlxalq əlaqələrindən istifadə edərək Ermənistanın işğalçılıq siyasətini və insanlığa qarşı hərbi cinayətlərini faktlarla ifşa edərək, erməni ekstremistləri tərəfindən dinc əhalimizə qarşı törədilən terror, işğal olunmuş ərazilərimizdə yüzlərlə məscid, məbəd və kilsələrin, minlərlə məzarlıqların dağıdılması, ümumislam əhəmiyyətli irs nümunələrinin mənşəyinin saxtalaşdırılması və dini məbədlərin erməniləşdirilməsi, əsarətdə qalan məscidlərimizdə İslamda haram buyurulan heyvanların saxlanılması kimi vandal həqarət əməlləri barədə dünyanın bütün nüfuzlu dini mərkəz və məqamlarını, dövlət rəhbərlərini, beynəlxalq təşkilatları çoxsaylı məktub və bəyanatları, keçirdiyi konfranslar vasitəsilə ətraflı məlumatlandırıb".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə "Vətən və İman" kitabının təqdimatı zamanı çıxışında bildirib.

O deyib ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalarla bərabər bu istiqamətdə genişşaxəli fəaliyyətinin bütün istiqamətləri, o cümlədən, erməni kilsəsinin dini-ideoloji müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyalarının qarşısının alınması yönündə apardığı miqyaslı mübarizə barədə Azərbaycan xalqı və dünya ictimaiyyəti bütün həqiqətləri bilməlidir.

QMİ sədri deyib ki, Vətən müharibəsi dövründə Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan din xadimləri Zəfərin qazanılması, dövlətimizin haqq işinin qələbəsi naminə fədakar zəhmət çəkib, mənəvi cəbhədə rəşadətlər göstərib, qəhrəman şəhidlərin şəhidlik məqamına layiq şəkildə yüksək səviyyədə dəfn ayinlərinin və anım mərasimlərinin həyata keçirilməsində gecəli-gündüzlü xalqa xidmətdə olub, orduya dəstəklərini əsirgəməyiblər: "Bu məqamda, hər zaman Azərbaycan həqiqətlərini dünya çapında müdafiə edən, dünyaya haqq səsimizin ucaldılmasında birlik nümayiş etdirib, bu gün Fəxri Xiyabanda uyuyan mərhum pravoslav qardaşımız Arxiyepiskop Aleksandr həzrətlərini də rəhmətlə yad edirəm".


 

.