Bəzi sayt və media orqanlarında mənim həyat yoldaşımın guya Türkiyə Respublikasının Bodrum bölgəsində 20 milyon dollarlıq 16 ədəd villa almağı haqqında yayılan məlumatlar tam yalnışdır heç bir əsası yoxdur.
"Report"un verdiyi xəbərə görə, bu barədə SOCAR-ın Əsaslı investisiya qoyuluşu idarəsinin rəis müavini Qiymət Mehdiyev barəsində yayılan xəbərlərlə bağlı ANS TV-yə müsahibəsində bildirib.
"Dünən bəzi sayt və media orqanlarında mənim həyat yoldaşımın guya Türkiyə Respublikasının Bodrum bölgəsində 20 milyon dollarlıq 16 ədəd villa almağı haqqında həqiqətə qətiyyən uyğun olmayan əsassız məlumatlar yayılmışdı. Bəyan edirəm ki, bu məlumat yalandır və bunu mənə, ailəmə, işlədiyim təşkilatın işgüzar nüfuzuna zərbə vuran hərəkət kimi qiymətləndirirəm. Mən 30 ildir ki, eyni təşkilatda çalışıram, həyat yoldaşım da interyer dizayn sahəsində mütəxəssisdir və bu sahədə uğurla fəaliyyət göstərir. Heç bir araşdırma aparmadan mənim və ailəmin haqqında yayılmış bu böhtan xarakterli məlumatların bizim konstitusion hüquqlarımızı pozduğunu bəyan edir, bu təhdidlərin məqsədli şəkildə aparıldığını bildirirəm. Hətta məqalədəki fotoda mənim həyat yoldaşım kimi qələmə verilən xanım həyat yoldaşım deyil. Tamamilə yad, bizə aidiyyəti olmayan şəxsdir. Mənim həyat yoldaşımın aldığı ev qeyd edilən ərazidəki çoxsaylı evlərdən yalnız birinin yarısı qədərdir. Bu həqiqət elə məqalədə göstərilmiş mülkiyyət sənədində də açıq formada qeyd edilib. Ev 1/2 pay olmaqla dəyəri 200 min Türkiyə lirəsi (təqribən 60 min ABŞ dollar civarında) dəyərindədir", - o bildirib.
O qeyd edib ki, "Google map"dən çıxarış edərək təqdim olunan şəkillər rəsmi əsası olmayan sənəddir: "Burda 16 deyil, 50 binanı da rəngləyib mənim adıma təqdim edə bilərlər. Bəyan edirəm ki, bu sənəddən əlavə hər hansı villanın sənədini təqdim edənə mən o evi hədiyyə edəcəm. Yoldaşım biznes fəaliyyəti ilə məşğuldur. Düşünürəm ki, normasl ailə üçün bu civarda bir mənzilin yaxud mülkün alınması heç bir problem yaratmaz".
O vurğulayıb ki, yoldaşı həmin tarixdə Türkiyədə olmayıb: "Bunu yoxlamaq o qədər də çətin deyil. Bunu sənədləşdirən adamlar bizə qarşı iftira atan adamlardır. Bu iftiraları yayan adamlarla bir zamanlar bizim dostluq, ailə münasibətlərimiz olub. Və bundan sonra bizə qarşı istifadə ediblər və bizə qarşı pul iddiası ilə çıxış ediblər. Bundan sonra da bu iddiaların hamısını mənim çalışdığım şirtkətə qarşı yönəldiblər. Və biz də buna qarşı müəyyən tədbirlər görmüşük. Türkiyədə bu adamları hüquq-mühafizə orqanları ilə qarşı-arşıya qoymuşuq və bunun 5-6 ay müddətinə araşdırması gedib. Azərbaycan da, Türkiyə də hüquqi dövlətdir və hüquqi dövlətdə hər kəs etdiyi əməlin cavabını verməlidir. İki gündür mənim ailəmdə ciddi problemlər, sıxıntılar, psixologi gərginlik yaşanır. Düşünürəm ki, bu çox çirkin niyyəti həyata keçirən adamlar bunun cavabını verməlidirlər və biz bundan ötrü lazım olan hər şeyi edəcəyik.", - o müsahibəsində deyib.
.