Bakının Nizami rayonunda dəhşətli yanğın hadisəsi baş verib.
ARB TV xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisi, Elşən Süleymanov küçəsində 4 məcburi köçkün ailəsinin məskunlaşdığı sovetlər dövründən tikintisi yarımçıq qalan, ümumi sahəsi 210 kvadrat metr olan binada yanğın baş verib.
Yanğın zamanı bina sakinləri yuxuda olduqlarından hadisədən gec xəbər tutublar. Qonşuların sözlərinə görə, alov binada yaşayan, əslən Füzuli rayonundan olan Babaşovlar ailəsinin mənzilini bürüyüb.
Bir ailənin 4 üzvü - 33 yaşlı Seymur Babaşov, həyat yoldaşı 30 yaşlı Cəvahir Babaşova, övladları 11 yaşlı Fərhad və 9 yaşlı Elşad yanaraq dünyasını dəyişib. Onların meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, mənzildən çıxarılıb. Binanın zirzəmisinin qalan hissəsi və digər mənzillər alovdan mühafizə olunub.
Xalidə Bəhmənova - Sakin: "Saat 3-ə işləmişdən yanır. Yanğınsöndürənlər gəlib suyu boşaltdı arvadların üstünə. İçəri girib yanğını söndürə bilmədilər. Gözlədilər ki, su maşını gəlsin. Yanğınsöndürən maşın gələnə qədər içərdə yanıb öldülər".
Rəsmiyyə Məmmədova - Qonşu: "Qapını açıb gördüm ki, alov üstümə gəlir. Qonşu qışqırdı ki, Cəvahirgil yanır. Tez 2-3 vedrə su götürüb tökdüm. Yanğınsöndürənlər gec gəldi".
Yasif Məmmədov - Hadisə şahidi: "İçəri girib qapını nə qədər çəkdimsə açılmadı. Partlayış oldu və yanğın çoxaldı".
Hal hazırda ekspertlər yanğının baş vermə səbəblərini araşdırırlər.



