Bizim qarşımızda gələcəkdə qarşılıqlı münasibətlərimizin strateji hədəflərini və fəaliyyət alqoritmini, eləcə də istiqamət parametrlərini, məzmun və xarakterini müəyyən etmək vəzifəsi durur. Biz dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud olan və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirməyə hazırıq.
Bu barədə Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında bildirib.
Prezident İlham Əliyevin Bişkekə səfərini Qırğızıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın məntiqi davamı kimi dəyərləndirən Qırğızıstan Prezidenti qeyd edib ki, məhdud tərkibdə görüşdə əməkdaşlığın çox mühüm məsələləri müzakirə edildi, onun başlıca istiqamətləri, prioritetləri müəyyənləşdirildi.
Ticari-investisiya əməkdaşlığından danışan Prezident Sadır Japarov deyib: “Bu gün biz Sizinlə Qırğız-Azərbaycan İnkişaf Fondunun mühüm rolunu nəzərdən keçirdik. Bu Fond Azərbaycan investisiyalarının Qırğızıstana cəlb edilməsində, qarşılıqlı faydalı biznes layihələrinin icrasında sürət katalizatoru və fəaliyyət mexanizminə çevrilməlidir”.
Sadır Japarov: Azərbaycanın biznes dairələrini salamlayırıq və tərəfdaşlığa açığıq
Sevindirici haldır ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılmasının vacibliyi anlayışı var. Onun indiki səviyyəsi hələlik potensialdan uzaqdır.
Bu fikirləri Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında söyləyib.
“Azərbaycan Respublikasının biznes dairələrini bazarımızda salamlayırıq və bundan sonrakı tərəfdaşlığa açığıq. Biz investorların qorunmasına zəmanət veririk və ən əlverişli şəraiti təqdim etməyə hazırıq”, - Qırğızıstan Prezidenti vurğulayıb.
Xalqlarımızın ortaq tarixə, köklərə, mədəniyyətə, ənənələrə və milli xüsusiyyətlərə malik olduğunu bildirən Prezident Sadır Japarov qeyd edib ki, əcdadlarımız çox qədim zamanlardan bizə dostluq və əməkdaşlıq vəsiyyət ediblər.
