Heydər Əliyevin çox zəngin siyasi və dövlətçilik təcrübəsi, xalqın mənafeyinin müdafiəsində qətiyyəti və prinsipiallığı, müdrikliyi və yüksək insani keyfiyyətləri haqlı olaraq ona Azərbaycanın hüdudlarından kənarda da hörmət qazandırıb.

Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində deyib.

Prezident Sadır Japarov ümidvar olduğunu bildirib ki, gələcəkdə bu məktəbdən Heydər Əliyev kimi şəxsiyyətlər çıxacaq: “Heç bir şübhə yoxdur ki, bizim gənc soydaşlarımız qardaş xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəm körpüsünə çevriləcəklər”.

Qırğızıstan Prezidenti gənclərə gözəl təhsil, tərbiyə almağı, gərəkli olmağı, Qırğızıstan və Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi işinə öz töhfələrini verməyi arzulayaraq Heydər Əliyevin bu sözlərini xatırladıb: “Bizim cəmiyyətin gələcək tərəqqisi bu gün bizim gənclərimizə nəyi və necə öyrətməyimizdən çox asılı olacaq”.

Prezident Sadır Japarov əminliklə deyib ki, bu gözəl məktəbin divarları arasında uşaqlar keyfiyyətli təhsil, vətənpərvər və işinin peşəkarı kimi tərbiyə alacaqlar.

Sadır Japarov: Heydər Əliyev adına məktəbin açılması ikitərəfli münasibətlərimizdə əlamətdar hadisədir

Qırğızıstanda Azərbaycanın Ulu Öndəri Heydər Əliyev adına məktəbin açılması ikitərəfli münasibətlərimizdə əlamətdar hadisədir. Bu, xalqlarımızın möhkəm dostluğuna, ölkələrimiz arasında əsası dünya miqyaslı tarixi şəxsiyyət, Azərbaycanın Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş strateji əməkdaşlığa dəlalət edir.

Bu fikirləri Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində söyləyib.

Qırğızıstan Prezidenti vurğulayıb ki, məktəbə Heydər Əliyevin adının verilməsi onlar üçün böyük şərəfdir, çünki bu böyük şəxsiyyətdə təkcə Azərbaycan xalqının ümidləri və istəkləri cəmləşməyib. “Tutduğu vəzifədən asılı olmayaraq – respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olarkən, yaxud da özünün kiçik Vətəni – Naxçıvanda olarkən Heydər Əliyev öz dövrünün görkəmli nümayəndəsi, incə və dərin düşünən mütəfəkkiri, böyükürəkli insan olub”.

.