Qətər Daxili İşlər Nazirliyi (DİN) Yaxın Şərqdəki vəziyyətlə əlaqədar çaşqınlıq yaradan videoların və yalan məlumatların çəkilməsi və sosial şəbəkələrdə yayımlanmasına görə 313 nəfərin həbs edildiyini bildirib.
Bu barədə DİN-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
Həbs edilənlər arasında əcnəbilər də var.
Həbsləri İqtisadi və Kiber Cinayətlərin Qarşısının Alınması Departamentinin əməkdaşları həyata keçiriblər.
Qətər DİN-in mətbuat xidməti qeyd edib ki, həbs olunanlara qarşı zəruri hüquqi və inzibati tədbirlər görülüb. Nazirlik məlumatlara yalnız rəsmi mənbələrdən inanmağa çağırıb.
Qətərin kiber cinayətlər haqqında qanununa əsasən, internetdə dezinformasiyanın yayılmasına görə vətəndaşları 137 min dollara qədər cərimə və üç ilə qədər həbs cəzası gözləyir. Xarici vətəndaşların bu cür cinayəti törətməyə görə deportasiya olmaları mümkündür.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı əməliyyata başlayıb. İran hakimiyyəti də buna cavab olaraq Fars körfəzi ölkələrində, o cümlədən BƏƏ, Qətər, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanında yerləşən ABŞ hərbi bazalarına hücum edib. Qətərdə "QatarEnergy" dövlət şirkəti İran dronlarının zərbəsinə məruz qalıb və bu səbəbdən mayeləşdirilmiş təbii qaz istehsalını dayandırıb. İran tərəfi həmçinin Qətərdəki Əl-Udeyd ABŞ hərbi bazasına da zərbələr endirib.
.
