Qətər husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada ballistik raket hücumunu qətiyyətlə pisləyib.
Bu barədə Qətərin Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki bəyanatında bildirilir.
"Qətər qardaş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada husilərin ballistik raket hücumunu, eləcə də qrupun Bişa, Taif, Xurs və Yanbu şəhərlərində mülki şəxsləri və obyektlərə zərbə endirmək cəhdlərini qətiyyətlə pisləyir", - bəyanatda deyilir.
Nazirliyin bəyanatına görə, bu hücumlar təcavüz aktı və mülki həyata qarşı yolverilməz etinasızlıq, Səudiyyə Ərəbistanının suverenliyinin və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Qətərin Xarici İşlər Nazirliyi bu məsuliyyətsiz hərəkətlərə dərhal son qoyulmasını tələb edib.
"Səudiyyə Ərəbistanının təhlükəsizliyi Qətərin və Körfəz Əməkdaşlıq Şurası üzvlərinin təhlükəsizliyinin ayrılmaz hissəsidir", - nazirlik qeyd edib.
.
