Qərb kəşfiyyat xidmətlərinin birindəki mənbə İranın dəstəklədiyi "Hizbullah” qruplaşmasının Bakıda hücuma hazırlaşdığı barədə xəbərdarlıq edib.
Virtualaz.org saytı İsrail qaynaqlarına istinadən xəbər verir ki, mənbə bu barədə Küveytdə nəşr edilən "ər-Rai” qəzetinə bildirib.
Xəbərə görə, Qərb kəşfiyyatlarındakı məlumatlara əsasən "Hizbullah” Azərbaycan, Türkiyə, Kipr, Yunanıstan, Misir və bəzi Avropa ölkələrindəki İsrail obyektlərinə hücuma hazırlaşır. Qruplaşma bu hücumları həyata keçirmək üçün Avropa pasportları daşıyan və avropalı görkəmli şəxslərdən istifadə edəcək. Digər təfərrüatlar haqda məlumat verilmir.
İsrail hökumətinin Azərbaycan da daxil olmaqla sözügedən ölkələrdəki obyektlərinə qarşı terror təhlükəsi barədə xəbərdarlığı yenilədiyi də məlum deyil.
Bundan əvvəl Azərbaycan xüsusi xidmət orqanları İsrail və ABŞ kəşfiyyatlarının dəstəyi ilə "Hizbullah”ın Bakıda planlaşdırdığı bir neçə terror aktının qarşısını alıb. Lakin Bakıdakı İsrail səfirliyini partlatmağı planlaşdıran iki "Hizbullah” mənsubunun həbsindən sonra İranın vasitəçiliyi ilə təşkilatın lideri Həsən Nəsrullahla Azərbaycan tərəfi arasında qeyri-rəsmi razılaşmanın əldə olunduğu haqda bir müddət əvvəl Qərb mənbələri xəbər yaymışdı.
Bu xəbərə əsasən Azərbaycan "Hizbullah”çıları İrana təhvil verib, təşkilat isə Azərbaycanda terror hücumları həyata keçirmək səylərini dayandırmağa söz verib.
.