Şəhidliyin həm ümumbəşəri, həm də dini yozumu və təsdiqi vardır. Qurani-Kərimdə şəhidlik cənnətin ən yüksək guşəsində dayanır.
Ölkənin, xalqın tarixini şəxsiyyətlər yaradır. Hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir. Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər isə ölmürlər. Aylar, illər, fəsillər keçdikcə, onların göstərdikləri igidliklər dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Beləliklə, xalq öz igid, qəhrəman övladlarına qəlblərində əbədi heykəl ucaldır və əlinə silah alıb ana vətənin harayına səs verib, doğma torpaqlarımızı azğın düşmənlərdən müdafiə edən və vətən deyib ölümün üzərinə atılan Azərbaycan xalqının igid oğullarından biri də Tural Əhmədov oldu.

Tural Məhərrəm oğlu Əhmədov 1990-cı ildə Ağdam rayonun Qiyaslı kəndində dünyaya göz açıb. 9 oktyabr 2014-cü ildə xidməti borcunu yerinə yetirərkən düşmən gülləsinə tüş gəlib və şəhid olub. Tural Əhmədov dəfələrlə Hərbi Hissənin rəhbərliyi və Mudafiə Nazirliyi tərəfindən xidməti borcunu layiqincə yerinə yetirdiyi üçün təltif edilib. Onun uşqalıq illəri "Qızıl Ay" çadır şəhərciyində keçib. Turalın uşaqlıq illərindən son ana kimi dostu olmuş Namiq Məhərrəmov onu belə xatırladır: "Tural çox sakit, tərbiyəli bir insan olub. Rayonda kimsə belə deyə bilməz ki, Tural kiminsə xətrinə dəyib. Böyük-kiçik yerini bilən insan olub. Uşaqlıq illərindən hərbi sənətə böyük meyli vardı. Həmişə deyirdi ki, İnşallah torpaqlarımızı tezliklə azad etdikdən sonra zabir olmaq üçün Ali Hərbi Məktəbə daxil olacaq. Şəhid olmamışdan əvvəl onunla sonuncu səfər rayon mərkəzində görüsdük çay içdik söhbətləşdik. Bir gün sonra eşitdim ki, Tural erməni snayperinin güləsinə tuş gəlib. Dostluğa və yoldaşlığa çox möhkəm idi. Allah ona rəhmət eləsin. Çox igid oğlan olub." - burda Namiq Məhərrəmov kövrəlir.
Turalın əsgər yoldaşlarının bir neçəsi ilə də söhbətləşdik. Onun tabor komandiri olmuş Nizami Ağayev Tural Əhmədovun igid, cəsur, qorxmaz, vətənpərvər bir döyüşçü olduğunu bildirdi. Nizami Ağayev daha sonra qeyd etdi ki, Tural qorxu nə olduğunu bilməzdi. Düşmən təxribat törədən zaman o, neçə dəfə düşmənə sarsıdıcı zərbələr vurmuş və xeyli sayda düşməni məhv etmişdir. Düzdür Tural erməni qəsibkarları tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunduğu günü görmədi. Amma biz ona söz veririk ki, şəhid olmuş hər bir Azərbaycan oğullarının qanı yerdə qalmayacaq və həmçinin də Turalın yarımçıq qalmış arzusunu yerinə yetirəcək və işğal altında olan torpaqlarımızı azad edəcəyik.
Tural Əhmədov hazırda Bərdə qəbirstanlıında uyuyur. Rahat yat əziz qardaşımız. Qəbrin nurla dolsun.
L.Eyyubova

.