
Parçadan nəfis, dekorativ əl işləri, göz oxşayan rəng ahəngdarlığı, müxtəlif həndəsi elementlər. Astaranın Pensər kənd sakini Hicran Əhmədova 15 ildir ki, müxtəlif parça hissələrinin birləşdirilməsindən yaranan, lakin artıq unudulmaqda olan qədim el sənəti - qurama ilə məşğuldur. Əvvəllər tikilən bu cür əl işləri diqqətini cəlb etdiyindən o da bu sənətlə məşğul olmağa qərar verib. Bu sənətin çox da çətin olmadığını deyir. Zövq, həvəs, bir qədər səbr və rəng ahənginə diqqət...
Astara sakini Hicran Əhmədova: "Rəngli parçalar alıram, onları kəsirəm üçbucaq formaya salıram. Sadəcə kəsəndə gərək diqqətli olasan hamısı eyni ölçüdə olsun. Bir həftəyə tikdiklərim də var. Böyük olanları bəzən 1-2 ay çəkir.”
III qrup əlil olan Hicran xanımın əl işləri artıq çoxlarının diqqətini cəlb edib. Yaratdığı nümunələr həm yerli həm də beynəlxalq sərgilərdə, müsabiqələrdə nümayiş olunub.
Astara sakini Hicran Əhmədova: "2013-cü ildə əl işim Fransanın Paris şəhərində Azərbaycan Mədəniyyəti günlərində sərgilənib. 2015-ci ildə əlillərin Respublika müsabiqəsində 3-cü yeri qazanmışam.”
Eyni zamanda digər başqa tikiş növləri də ərsəyə gətirən Hicran xanım deyir ki, bölgələrdə bu cür əl işlərinə maraq bir qədər zəif olsa da paytaxtda diqqət çoxdur. Xüsusilə turistlər bu cür əl işlərinə böyük maraq göstərirlər. Diqqət, verilən qiymət isə sözsüz ki, bu cür incə ruhlu insanlar üçün mühüm əhəmiyyət kəsb edir. Yeni və daha əsrarəngiz əl işləri yaratmaq, el sənətini yaşatmaq baxımından.