Qarabağ döyüşçüsü Alik Muradov iki qardaşı bıçaqlaması barədə yayılan məlumatlara münasibət bildirib.
A. Muradov deyib ki, heç kimi bıçaqlamayıb: "Hadisə baş verəndə mən kənddə olmuşam. Həmin hadisə mənim kimi bütün həmkəndlilərimin gözü qarşısında olub. Babək Əliyev qardaşını bıçaqlayıb, daha sonra özünə xəsarət yetirib. Gedib polisə şikayət edib ki, guya onları mən bıçaqlamışam. Halbuki mənim bu hadisə ilə heç bir əlaqəm yoxdur. Polisə də ifadəmi vermişəm. Mən günahsızam”.
Ağstafa Rayon Polis Şöbəsinin müstəntiqi Rəşad Məhərrəmov sayta açıqlamasında şöbəyə Alik Muradovla bağlı şikayətin daxil olduğunu təsdiqləyib. Bildirib ki, hazırda araşdırma gedir: "İstintaq sirri olduğundan və araşdırmalar hələ başa çatmadığı üçün bu barədə əlavə məlumat verə bilmərəm”.
Qeyd edək ki, A. Muradovun iki qardaşı bıçaqlaması ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb.
***
Tanınmış Qarabağ döyüşçüsü adam bıçaqlayıb. Ağstafa Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Kənd sakini Alik Muradov aralarında yaranmış mübahisə zəminində həmyerliləri Sərdar Əliyevi və onun qardaşı Babək Əliyevi bıçaqlayıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisəni törədən A. Muradov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, hadisəni törədən Alik Muradov Qarabağ müharibəsinin iştirakçısıdır. O, "Qazaxlı Alik” ləqəbi ilə məşhurdur. (APA)
.
