Qazaxıstanın bir sıra regionlarında qanunsuz aksiyalar keçirilib. Yerli icra hakimiyyəti orqanlarının və prokurorluğun xəbərdarlıqlarına baxmayaraq, vətəndaşlar təxribat xarakterli çağırışlara uyaraq, əhalinin əmin-amanlığına və təhlükəsizliyinə təhlükə yaradan qanunsuz hərəkətlər etməyə başlayıblar.

Bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Eyni zamanda, ayrı-ayrı vətəndaş qrupları yolları bağlayıb, nəqliyyatın hərəkətinə mane olub, ictimai asayişi, vətəndaşların rahatlığını, yaşayış məntəqələrinin həyat təminatı sistemini pozub.

Bundan əlavə, asayişi və təhlükəsizliyi təmin edən hüquq-mühafizə və digər dövlət orqanlarının əməkdaşlarına hücumlar olub.

Almatı, Çimkənd və Taraz şəhərlərində akimatlara hücum cəhdi edilib, akimatların pəncərələri, qapıları sındırılıb və digər maddi ziyan vurulub.

Aksiya iştirakçıları tərəfindən daş, qaz balonu, bibər balonu və molotov kokteylindən istifadə halları qeydə alınıb.

İctimai təhlükəsizliyin təmin edilməsi məqsədilə polis tərəfindən ictimai asayişin pozulması hallarının qarşısının alınması və qanun pozucuların saxlanılması istiqamətində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər həyata keçirilib.

Qanuna zidd hərəkətlər nəticəsində daxili işlər orqanlarının 95 əməkdaşı xəsarət alıb. 37 xidməti avtomobilə ziyan dəyib.

Hakimiyyət nümayəndələrinə qarşı zorakılıq, xuliqanlıq və dövlət binalarına hücumlarla bağlı 13 fakt üzrə ibtidai istintaqa başlanılıb.

İctimai asayişi pozulmasına görə 200-dən çox şəxs saxlanılıb.

Daxili işlər orqanları əhalinin təhlükəsizliyini və əmin-amanlığını təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirir.

.