Qazaxıstanda oktyabrın 24 və 25-də mitinqlərə çıxmaq üçün sosial şəbəkələrdə yerləşdirilmiş çağırışlar qanunsuzdur, çünki bu aksiyalar dövlət qurumları ilə razılaşdırılmayıb.

TASS xəbər verir ki, bu barədə ölkənin baş prokurorunun müavini Jandos Umirəliyevin müraciətində deyilir.

"Sosial şəbəkələrdə oktyabrın 24 və 25-də mərkəzi meydanlarda yerli icra orqanlarının razılaşdırdığı mitinqlərdə iştirak etmək üçün yalan mesajlar, təxribat xarakterli çağırışlar verilir. Bu məlumatlar həqiqətə uyğun deyil. Həmin yerlərdə mitinqlərin keçirilməsinə razılıq verilməyib”, - müraciətdə bildirilir.

Baş Prokurorluq onu da qeyd edib ki, bu cür hərəkətlərin təşkili və onlarda iştirak qanunsuzdur, eləcə də İnzibati Xətalar Məcəlləsinin 488-ci maddəsi ilə 25 sutkayadək həbsə səbəb olur.

.