"Qaz qəza xidmətlərinin ləğvi böyük çətinliklər yaradır. İndi abonentlərə verilən qazın təzyiqi mütəmadi olaraq tənzimlənmir, qaz xətləri vaxtlı-vaxtında yoxlanılmır. Çünki bu xidmətdə ixtisarlar aparıldığından həmin sahəyə nəzarət zəifləyib”.
Bu barədə virtualaz.org saytına "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları məlumat veriblər.
Onların sözlərinə görə, əvvəllər hər rayonda 10-a yaxın qəza xidməti işçisi olub: "Əvvəllər işçilər 4 növbəyə bölünüb oşləyirdilər, indi isə 3 növbədə işləyirlər. 12 saatliq iş rejimində 3 növbədə işləmək isə ayda 180 saat çalışmaq deməkdir. Yəni ixtisara salınan əməkdaşların işinin ağırlığı da bizim üzərimizə düşüb. Biz əlavə iş saatlarında çalışırıq. Bu da Əmək Məcəlləsinin tələblərinə ziddir. Üstəlik qəza halları ilə bağlı şikayətlərə dərhal cavab verə, yaranan nasazlığı operativ şəkildə aradan qaldırmağı fiziki cəhətdən çatdırmaq mümkün olmur”.
Xəbərdə deyilir ki, qaz qəza xidmətləri ləğv ediləndən sonra gecə növbələrində çalışacaq mütəxəssislər çatışmir: "Gecə növbəsində bir, ən yaxşı halda iki çilingər çalışır. Əvvəllər isə hər qaz tənzimləyici məntəqədə azı 3-4 işçi, mütəxəssislər növbə çəkir, hər bir saatda baş verənləri, göstəriciləri qeydə alırdılar. Məntəqəni tərk etmək işçilərə qadağan idi. Amma indi gecə qəza baş verəcəyi halda bunun qarşısını almağa mütəxəssis çatışmayacaq. Bu təhlükə xüsusilə qış aylarında özünü daha ciddi göstərəcək”.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı da qaz qəza xidmətlərinin ləğvinin nəticəsiz ötüşməyəcəyini dedi: "Ümumən "Azəriqaz”da aparılan struktur islahatları nəticə verməyəcək. Əvvəlcə işçilərin öz vəzifə səlahiyyətlərini nə dərəcədə mənimsədikləri aydınlaşdırılmalı idi. Əvvəllər, yəni son 10-15 ildə qaz nəzarətçiləri qaz pulu yığmaqla məşğul olublar. Ona görə də qaz cihazlarının vaxtlı- vaxtında yoxlanması həyata keçirilmirdi. Elə bu səbəbdən də qaz sızması və partlayışlar müşahidə olunurdu. İndi isə qaz nəzarətçilərinin sayını azaldıblar. Amma işçilərə yeni forma geyindirməklə ixtisarların müsbət nəticə verəcəyini gözləmək olmaz. Qaz qəza xidmətləri ləğv etməli deyildi”.
Hüquq müdafiəçisi ixtisarlardan sonra saxlanılan işçilərin yoxlanılmasını tələb edir: "Bu nəzarətçilərin sayını azaltmaqdansa onlara xüsusi treninqlərin keçirilməsinə ehtiyac vardı. İndi artıq gecdir. Amma yenə də işdə saxlanılanların bilikləri yoxlanılmalı, mütəmadi treninqlərə göndərməlidirlər”.
.