"Azərbaycan Dəmir Yolları” QSC-nin qatar bələdçiləri bu gün Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçiriblər. Təxminən 50 kişi bələdçi Bakı-Xarkov, Bakı-Moskva, Bakı-Kiyev, Bakı-Leninqrad reysləri üzrə yeni qatarlara buraxılmadıqlarını, iş saatlarının azaldıldığını bildirirlər. Etirazçıların sözlərinə görə, onlara qeyri-rəsmi olaraq başqa iş tapmaları tövsiyə olunub. Bələdçilər qadın bələdçilərlə əvəzləndiklərini deyirlər. Onların sözlərinə görə, dəyişikliklər 300-dək bələdçini əhatələyir ("Azadlıq” radiosu).
"Azərbaycan Dəmir Yolları” QSC bələdçilərinin etiraz aksiyası ilə bağlı rəsmi açıqlama yayıb.
"Son vaxtlar sərnişinlərə göstərilən xidmətin səviyyəsinin daha da yüksəltmək, qatarlarda qanunsuz yüklərin daşınması səbəbindən sərhəd-keçid məntəqələrində ləngimə hallarının qarşısını almaq məqsədilə beynəlxalq sərnişin qatarlarında kişi bələdçilərin qadın bələdçilərlə əvəzlənməsi prosesi aparılır. Bu məqsədlə aparılan islahatlar zamanı kişi bələdçilər işdən azad olunmur, yerli istiqamətdə hərəkət edən qatarlarda işlə təmin edilirlər.
Artıq beynəlxalq və yerli istiqamətdə hərəkət edən Bakı-Moskva, Bakı-Tbilisi, Bakı-Ağstafa, Bakı-Köçərli, Bakı-Balakən, Bakı-Gəncə sərnişin qatarlarında qadın bələdçilər çalışırlar. Bu günlərdə Bakı-Xarkov sərnişin qatarında da qadın bələdçilərin xidmətindən istifadə edilməsi nəzərdə tutulur.
Bu qatarda çalışan kişi bələdçilər yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında öz fəaliyyətlərini davam etdirəcəklər. Bir faktı da qeyd edək ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında çalışan bələdçilərin əmək haqqı beynəlxalq istiqamətdə çalışanların əmək haqqından yüksəkdir”, - deyə açıqlamada bildirilir.
.