Qaraciyər və böyrək transplantasiyasını, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasını tələb edən tibbi xidmətlərin göstərilməsi şərtləri açıqlanıb.

Bu, Nazirlər Kabinetinin “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb.

Qərara əsasən, bu təminat qaraciyər, böyrək, sümük iliyi və hematopoetik kök hüceyrələrin transplantasiyasına tibbi göstərişi olan, müalicə protokolları və kliniki tövsiyələr əsasında diaqnozu təsdiqlənmiş sığortaolunanlara (resipiyentlərə) şamil ediləcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən qaraciyər transplantasiyasının say həddi 100, böyrək transplantasiyasının say həddi 150, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi 20 müəyyən edilir.

Transplantasiya xidmətlərinin göstərilməsi “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun tələblərinə uyğun həyata keçiriləcək.

.