Dünyanın ən varlı ermənilərindən olan və Qarabağdakı qondarma erməni rejiminin əsas sponsoru hesab edilən Levon Ayrapetyanı ona qarşı irəli sürülmüş ittihamlar üzrə 10 il həbs gözləyir.
Virtualaz.org xəbər verir ki, bu barədə L.Ayrapetyanın dostu olan Artur Səfəryan erməni KİV-lərinə bildirib. Səfəryan deyib ki, Ayrapetyana qarşı irəli sürülmüş ittihamlar "quramadır”, üstəlik o, xəstədir və qanunlara görə həbsdə saxlanıla bilməz. "Vəkillər əmindir ki, ittihamların əsası yoxdur. Bu ittihamlar üzrə onu 10 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda vəkillər həbs qərarının dəyişdirilməsinə çalışırlar” deyə o bildirib.
Səfəryanın sözlərinə görə, Ayrapetyanın işi üzrə "Sistema” maliyyə korporasiyasının sahibi Vladimir Yevtuşenkov da dindirilib.
O, bütün ittihamları rədd edib. L.Ayrapetyan iyulun 17-də Moskva aerportunda həbs edilib.
Ona qarşı rəsmi ittiham iyulun 24-də irəli sürülüb. Erməni milyarder talama və çirkli pulların yuyulması maddələri ilə ittiham olunur.
O, Başqırdıstanın "Başneft” dövlət neft şirkətinin "Sistema” korporasiyasına satışına dair sövdələşmədə maxinasiyaya yol verib və böyük məbləğdə gəlir götürüb. Habelə bu şirkətin səhmlərinin bir hissəsini əldə edib.
Ayrapetyan həmçinin "Kinqsepskaya qruplaşması” kimi tanınan qanqster dəstəsi ilə əlbirdir. O, əslən Ağdərənin Vəng kəndindəndir və Qarabağ ermənilərini silahlandıranlardan biridir.
.