Əslən Qarabağdan olan erməni mafioz, dünyanın ən varlı ermənilərindən olan Levon Ayrapetyan Moskvadakı istintaq təcridxanasında huşunu itirib.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə erməni qaynaqları məlumat yayıb. Xəbərə görə, L.Ayrapetyanı naşatır spirtinin köməyi ilə ayıldıblar.
L.Ayrapetyanın qohumu Qurgen Ayrapetyan deyib ki, əmisi özünü olduqca pis hiss edir və vəkillərlə ünsiyyət qura bilmir.
"Bu cür xəstə adamla belə davranmaq insanlığa sığmır. Axı onu iqtisadi ittihamla həbs ediblər, elə davranırlar ki, sanki kimisə öldürüb və cinayət yerində yaxalanıb” - deyə o bildirib.
Qarabağın erməni separatçılarının əsas sponsoru olan Levon Ayrapetyan iyulun 17-də Monakodan qayıdarkən Moskvanın "Domodedovo” aeroportunda Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı rəsmi ittiham iyulun 24-də irəli sürülüb.
Erməni milyarder başqasının əmlakını talamaqda və çirkli pulların yuyulmasında ittiham edilir. İttihama əsasən o, Başqırdıstanın "Başneft” dövlət neft şirkətinin "Sistema” maliyyə korporasiyasına satılmasına dair sövdələşmədə maxinasiyaya yol verib və on milyonlarla dollar gəlir götürüb.
Habelə Ayrapetyan çoxsaylı sifarişli qətllər həyata keçirən "Kinqisepskaya qruplaşması” ilə əlbir olub. Ermənilər onun müdafiəsi üçün kampaniya başladıblar və Ayrapetyanın xəstə olduğunu iddia edərək onun azadlığa buraxılmasına nail olmağa çalışırlar.
.
