Milli Məclis azad edilən ərazilərdəki kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə verilməsini son oxunuşda təsdiqləyib.
Bununla bağlı “Torpaq icarəsi haqqında” qanuna təklif olunan əlavə və dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, gələcəkdə torpaq islahatının predmeti ola biləcək və dövlət mülkiyyətində saxlanılacaq torpaqların həcminin müəyyən edilməsi, habelə müvafiq yaşayış məntəqələri salındıqca onların inzibati ərazi sərhədləri daxilində torpaqların səmərəli bölüşdürülməsi və infrastruktura (suvarma, meliorasiya, elektrik və s.) gətirilməsi planlaşdırılır.
Bundan sonrakı mərhələdə isə əlverişli və şəffaf sahibkarlıq mühitinin yaradılması məqsədilə torpaqlara investorların cəlb olunması, habelə torpaqların kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrində məskunlaşmış sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.
Bundan başqa, qanun layihəsinə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib.
.