İqbal Ağazadə: "40 kvadratmetr obyektə görə Qarabağ əlili özünü öldürmə həddinə çatdırılırsa, onda vay bu məmləkətin halına”
Dünən II qrup Qarabağ əlili Zaur Həsənovun Həmkarlar Konfederasiyasının binasının önündə özünü yandırması ölkə mediasında və gündəmində şok effekt yaradan hadisələrdən oldu. Baş verən olay cəmiyyətin müxtəlif spektirlərində geniş etirazla qarşılandı. Artıq olayla bağlı dekabrın 26-da şəhərin mərkəzində etiraz aksiyası təyin olunub. Problemin Milli Məclisdə qaldırılacağı ilə bağlı Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ilə əlaqə saxladıq. FaktXeber.com-a açıqlama verən millət vəkili bildirdi ki, baş verən olayı mütləq şəkildə Milli Məclisin iclasında məsələ qaldıracaqlar.
Qarabağ əlilinin özünü yandırması ilə bağlı Baş Prokurorluğunun cinayət işi açmasının zəruri olduğunu bildirən İqbal bəy, "Respublika Prokurorluğu özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi qaldırmalıdır. O, cümlədən baş verən olayın mənəvi tərəfləri də mövcuddur”, - deyə qeyd etdi: "İddia olunduğu kimi 40 kvadratmetr obyektə görə Qarabağ əlili özünü öldürmə həddinə çatdırılırsa, onda vay bu məmləkətin halına.”
.
