Yanvarın 24-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Qarabağ əlillərinin problemləri ilə bağlı mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən Əlillərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Məğrur Bədəlsoy Qarabağ əlillərinin adından danışaraq, onlara qarşı edilən haqsızlıqları, üzləşdikləri çətinlikləri, şəhərin mərkəzində tikilmiş "Əlillər evi”ndə yaşayan əlillərin problemlərini mətbuatın diqqətinə çatdırıb:
"Son zamanlar əlillərə qarşı edilən haqsızlıqlar bizi etiraz etməyə məcbur edib. Hakimiyyəti zəbt edən YAP iqtidarı əlillərin haqlarını əllərindən alır. Dövlətimizin qanunlarından, bizə verilən hüquqlardan istifadə edə bilmirik. Qarabağ əlilləri və şəhid ailələrinə verilən güzəştlər mənimsənilir, mülkiyyət, sosial təminat və yaşamaq hüquqlarımız məmurlar tərəfindən tapdalanır. Deputatlar xalqa, millətə vəkillik etmək əvəzinə, onlara şər atır, üzlərinə durub, tutdururlar və hətta öldürürlər. Qarabağ qazisi Zaur Həsənovu öldürdükləri kimi... Zaur Həsənovu açıq-aşkar öldürdülər, o, özü intihar etmədi, onu buna vadar etdilər. Onu məcbur etdilər ki, özünü öldürsün. O, özünü öldürmək istəmirdi. O, yaşamaq istəyirdi. Zaurun yaşamaq hüququnu əlindən aldılar, ona görə də, özünü öldürməyə məcbur qaldı. Ailəsinə bir tikə çörək apardığı iş yerini bağladılar. Zaurun ölümündə birbaşa günahkar hakimiyyət özüdür. Əlillər üçün nəzərdə tutulan sanatoriya-kurort göndərişlərinin, sığorta ödənişlərinin və digər sosial-tibbi prosedurların heç biri həyata keçirilmir".
Mətbuat konfransında şəhərin mərkəzində - Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 46 ünvanında yerləşən "Əlillər evi”nin bərbad vəziyyətdə olduğu da bildirilib.
Şikaytəçilər binanın hər tərəfdən hasara alındığını, məmurların kommersiya maraqları naminə zəbt edilərək, istifadə edildiyini bildiriblər:
"Biz əlillər üçün nəzərdə tutulmuş "Əlillər evi” bərbad vəziyyətdədir. Binanın həyətinə giriş mümkün deyil. Binanın hər tərəfi hasara alınıb, kanalizasiya sistemi yoxdur. Binaya su gəlmir, qaz 5 il sonra çəkilib. Qazı da tez-tez kəsirlər. Binanın qarşısında piyada yolu və keçid yoxdur. Nəqliyyat Nazirliyi tərəfindən qoyulan dayanacaq isə gecə ilə yoxa çıxıb. "Həyat Ticarət Mərkəzi” əlillərin vəsaiti ilə tikilib. Ancaq oradan biz əlillər yox, bəzi məmurlar istifadə edirlər. Nabranda yerləşən əlillər üçün istirahət kompleksi artıq özəlləşdirilib. Əvvəllər az da olsa, əlillər gedib, orada dincələ bilirdilər. 2013-cü ildən bu yana ora artıq özəlləşdirilib. Bu il oraya gedib, dincəlmək istəyən Qarabağ əlillərinə deyiblər ki, "bura artıq sizin deyil". Ümumiyyətlə, əlillərə ən axrıncı adam kimi baxırlar. Əgər kimisə əzmək lazımdırsa, haqqını tapdalamaq lazımdırsa, ilk ağıla gələn Qarabağ əlili olur. İmkan verməzlər ki, əlilin şəxsi obyekti olsun. Bir yolla obyekti onun əlindən alırlar”.
Tədbirdə çıxış edən Qarabağ qazisi Güloğlan Süleymanov artıq bu haqsızlıqdan bezdiyini və özünü partladacağını bildirib:
"Bezmişəm. Nə qədər şikayətlər etmək olar. Baxan yoxdu. Qapı-qapı düşüb, yalvarmalıyam? Özüm 2-ci qrup Qarabağ əliliyəm, başımda yara ilə yaşayıram. Evlə bağlı şikayətlərimi dinləyən yoxdur. Deyirlər ki, get, kimə deyirsən, de... Belə getsə, evimi də özümü də partladacam”.
Əlillərin Hüquqlarının Müdafiə Komitəsin sədir Məğrur Bədəlsoy onu da qeyd edib ki, onların heç bir şikayətinə cavab tapılmadığı üçün əlillər aksiya keçirəcəklər:
"Bizim şikayət etmədiyimiz yer qalmayıb. Nəqliyyat Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Nazirlər Kabinetinə dəfələrlə şikayətlər etmişik. Amma problemlərimizə əlac edən tapılmayıb. Bizə məmurlar tərəfindən təzyiqlər edilir. Bununla bağlı polisə, ombudsmana müraciət etmişik. Oradan da "biz heç nə edə bilmərik” cavabını almışıq. Artıq bezmişik. Ona görə də, fevral ayının 8-də aksiya edəcəyik.”
.