Onun müraciətinə Xətai bələdiyyəsi rəddə cavabı verib, iş məhkəmədədir
İkinci qrup Qarabağ müharibəsi əlili Musayev Elman Fərman oğlu Xətai bələdiyyəsinin sədri Əliyar Əliyevdən şikayətçidir.
Ölkə qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz verilməlidir.
Müharibə veteranı iddia edir ki, bələdiyyənin torpaq sahəsi ola-ola, ona ev tikməsi üçün torpaq sahəsi vermir.
"Mən 02.06.1993-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmışam. Abşeron rayon Güzdək qəsəbəsində yerləşən hərbi hissədə qulluq etdiyim vaxt Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə könüllü qatılmışam. 1994-cü ildə Füzuli rayonunun Seyid Əhməd kəndində gedən döyüşlərdə sol qolumdan ağır güllə yarası alaraq Ələt hospidalında 3 ay müalicə aldım. Beləliklə mənə ömürlük ikinci qrup əlillik dərəcəsi verilib. Yaşamağa heç bir yerdə evim və adıma torpaq yoxdur. Uzun müddətdir ki, Xətai rayonunda kirayələrdə yaşayıram. Xətai rayon bələdiyyəsinə mənə torpaq sahəsinin verilməsi üçün müraciət etdim. Bələdiyyə sədri cavabında bildirilir ki, bələdiyyəyə ehtiyat torpaq fondu ayrılmayıb. Yəni guya bu bələdiyyənin torpaq sahəsi yoxdur”,-deyə Elman Musayev bildirir.
"Torpaq islahatı haqqında” qanunun 19-cu maddəsinə görə yaşayış evi, həyətyanı və bağ sahəsi üçün vətəndaşların mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada satılır. Amma Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz verilir.
Torpaq Məcəlləsinin 69-cu maddəsinə görə, hüquqi və fiziki şəxslərə torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət vermək olar. Ərizələrə baxılmasının müəyyən edilmiş müddətlərinin gecikdirilməsi torpaq sahəsinin verilməsindən imtina edilməsi kimi qiymətləndirilir.
İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
Odur ki, ikinci qrup Qarabağ müharibəsi əlili Elman Musayev Xətai bələdiyyəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. "Məhkəmədən ikinci qrup Qarabaq müharibə əlili olmağımı, yaşamağa evim və adıma torpaq sahəsinin olmamağını nəzərə alıb mənə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsini bir vəzifə olaraq cavabdehə həvalə olunmasına dair qərar çıxarmasını xahiş etdim.
Cavabdehin hüquqşunası məhkəmədə şifahi olaraq bildirdi ki, bələdiyyənin ehtiyat fondunda torpaq sahəsinin yoxdur və ona görə də müraciətim təmin olunmadı”,-E.Musayev bildirir.
Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır.
Şikayətçinin hüquqi nümayəndəsi Məhərrəməli Həmidov bildirib ki, elə bu əsasla yenidən həmin məhkəməyə müraciət olunub: "İddiada bildirilir ki, bələdiyyənin ehtiyat fonduna torpaq sahəsinin verilməsinə dair bələdiyyə dövlət qarşısında vəsatət qaldırsın.
İşə 2 sayli Bakı İnzibati-iqtisadi Məhkəməsinin hakimi Çingiz Bəşirovun icraatıdna baxılacaq. Məhkəmə presesi hələ təyin olunmayıb”.

