"Qarabağlı olaraq "Qarabağ" daim ürəyimdə qalacaq".

Bunu Ağdam təmsilçisindən ayrılan Qara Qarayev şəxsi feysbuk səhifəsində yazıb.

"Köhlən atlar"dan ayrılan 31 yaşlı yarımmüdafiəçi 18 il əvvəl klubun akademiyasında seçimlərə qatıldığı anı xatırlayıb: "Həmin gündən sizi həm futbolçu, həm də bir çox oyunlarda kapitan kimi təmsil etmək çox böyük məsuliyyət idi. Bu anların hər bir saniyəsini yüksək qiymətləndirirəm və fəxr edirəm. Bu 18 il ərzində çalışdım ki, ləyaqətli şəkildə “Qarabağ”ın adını daim uca tutum və şərəflə xidmət edim. İndi isə keçmiş və hazırkı komanda yoldaşlarım, məşqçilər, klubumuzun prezidenti, bu müddət ərzində mənimlə birgə çalışmış insanlar və hər zaman mənə sevgi ilə yanaşan, dəstəkləyən, çətin və yaxşı günlərdə yanımızda olan, xoşbəxt və kədərli günləri birlikdə yaşadığımız azarkeşlərə təşəkkür edirəm. Hər zaman məni öz övladınız, qardaşınız kimi sahibləndiniz".

Təcrübəli oyunçu futbolda böyüməyi, Azərbaycan idmanı tarixindəki bütün uğurlarını bu komandaya borclu olduğunu vurğulayıb: "Bütün azarkeşlərə, eləcə də, “İmarət” və “Qarabağ ordu”ya öz sevgimi bildirmək istəyirəm, siz hər zaman ürəyimdəsiniz! Ayrılıq da sevginin bir hissəsidir".

Qeyd edək ki, Qara Qarayev 2008-ci ildən “Qarabağ”ın əsas komandasında çıxış edib.

.