
Cənubi Koreyanın Jeju şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatına yekun vurulub.
"Report"un məlumatına görə, Azərbaycan milli komandası yarışda 1 gümüş və 1 bürünc medal qazanıb. Gümüş medala 60 kq çəki dərəcəsində yer alan Yana Alekseyeva yiyələnib. O, finalda irlandiyalı olimpiya, 5 qat dünya və 6 qat Avropa çempionu Keti Teylorla qarşılaşıb. Alekseyeva rəqibinə layiqli müqavimət göstərsə də, hakimlər qələbəni Teylora veriblər.
69 kq çəkidə mübarizə aparan Avropa çempionu, əvvəlki dünya çempionatının gümüş mükafatçısı Yelena Vıstropova bu dəfə bürünc medalla kifayətlənib. O, yarımfinalda panamalı Asena Bilona məğlub olub.
Qeyd edək ki, Azərbaycan millisi 2 il əvvəl Çində keçirilmiş dünya çempionatında 1 gümüş medal qazanmışdı. Həmin vaxt Yelena Vıstropova gümüş medala və 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziyaya sahib olmuşdu.
.