Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olub.
Mötəbər qonağı teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib.
Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni əlaqələrin, əməkdaşlığın genişləndirilməsi ilə bağlı həyata keçiriləcək layihə və planlar müzakirə olunub, gələcəkdə teatrların, rejissor və aktyorların yaradıcılıq mübadiləsi ilə bağlı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib.
İxtisasca sənətşünas olan professor M.Şvıdkoy sosial şəbəkələr vasitəsi ilə Musiqili Teatrın fəaliyyətini mütamadi olaraq izlədiyini diqqətə çatdırıb və kollektivin uğurlarına sevindiyini bildirib.
O, Azərbaycan və Rusiya arasındakı mədəni əlaqələrin inkişafında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətlərini xüsusi ilə vurğulayıb. Bu istiqamətdə həmçinin Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlunun da rolunun böyük olduğunu qeyd edib.
Teatrın müasir standartlara cavab verən binası ilə tanışlıqdan sonra Mixail Şvıdkoy burada yaradılmış şəraitin və peşəkar yaradıcı mühitin çox yüksək səviyyədə olduğunu deyib: "Müasir texnologiya ilə təchiz edilmiş bina, yaradıcı heyət üçün yaradılmış münbit şərait Azərbaycan dövlətinin teatra, sənətə, ümumilikdə mədəniyyətə olan qayğı və diqqətinin bariz nümunəsidir".
O, yüksək qonaqpərvərliyə görə teatrın direktoruna minnətdarlığıni bildirib.