Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədlərin gəlirləri və əmlakı haqqında bəyannamələri dərc edib.

Rusiya KİV-i xəbər verir ki, 2011-2016-cı illər ərzində Rusiya prezidenti Vladimir Putinin gəlirləri 38,5 milyon rubldan (təxminən 507 min dollar –red.) çox təşkil edib.

MSK-nın məlumatlarına görə, Rusiyanın dövlət başçısı banklarda 13 müxtəlif hesabda 13,8 milyon rubla (təxminən 178 min dollar –red.), həmçinin "Sankt-Peterburq” bankının 230 səhminə malikdir.

Bəyannaməyə əsasən, Rusiya liderinin mülkiyyətində Sankt-Peterburqda 77 kv.m. sahəsi olan mənzil və 18 kv.m sahəsi olan qaraj var. Onun istifadəsində həmçinin Moskvada 153,7 kv.m sahəsi olan mənzil var.

Bundan başqa, Putin 1960 və 1965-ci illərin buraxılışı olan iki QAZ-M21 və "Niva” (2009) avtomobillərinə, həmçinin "Skif” qoşmasına (1987) sahibdir. Bəyannamədə gəlirlərin mənbələri arasında banklardan götürülən faiz, maaş və hərbi pensiya göstərilib.


.