Rusiya həmişə Yaxın Şərqdəki münaqişələrin həllində qərəzsiz vasitəçi kimi çıxış edir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin (XİN) kollegiya iclasında bildirib.

“Rusiya həmişə Yaxın Şərqdəki münaqişələrin və böhranların həllində qərəzsiz vasitəçi kimi çıxış edib və bundan sonra da çıxış edəcək, bu regionda vəziyyətin sabitləşməsinə hər cür köməklik göstərəcək”, - Rusiya lideri vurğulayıb.

Ölkəsinin xarici siyasət prioritetlərindən danışan V. Putin qeyd edib ki, Rusiyanın xarici siyasətində şərtsiz prioritet bütün Yaxın Şərq ölkələri ilə dialoqun inkişafıdır. O, Afrika ölkələri ilə də əməkdaşlığın inkişaf edəcəyini diqqətə çatdırıb.

Vladimir Putin: “NATO-nun Rusiya sərhədləri boyunca fəallıqlarına cavab verəcəyik”

“NATO Rusiya ilə qarşıdurmanı artırır”.

TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Kollegiya iclasında çıxış edərkən deyib.

“Bir müddət əvvəl Rusiya diplomatlarının alyansa üzv olan ölkələrdən deportasiya edilməsinə baxmayaraq, artıq əməkdaşlıq etməklə bağlı bəzi siqnallar verilməkdədir”, - o vurğulayıb.

V.Putin NATO-nun infrastrukturlarını Rusiya sərhədlərinə yaxınlaşdırdığını nümayiş etdirdiyini söyləyib: “Bundan başqa, NATO dialoqun bütün mexanizmlərini təşəbbüskarlıqla sındırıb. NATO-nun Rusiya sərhədləri boyunca fəallıqlarına əlbəttə ki, cavab verəcəyik”.

Putin: “Əfqanıstandakı vəziyyət Mərkəzi Asiyadakı müttəfiqlərimizə kömək zərurətini diktə edir”

Əfqanıstandakı vəziyyət Rusiyanın cənub sərhədlərində təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlərin görülməsi zərurətini diktə edir.

Bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin kollegiya iclasında bildirib.

“Əfqanıstanda baş verənlər Rusiyanın cənub sərhədlərində təhlükəsizliyini təmin etmək, Rusiyanı regionda sabitliyin təminatçısı kimi görən müttəfiqlərimizə - Mərkəzi Asiya dövlətlərinə kömək etmək zərurətini diktə edir. Bu istiqamətdə biz qaçqınların nəzarətsiz axınının qarşısını almaq, terrorçuların və digər cinayətkar elementlərin sərhədimizə daxil olmasının qarşısını almaq üçün tədbirlər görərək fəaliyyətə davam etməliyik”, - V. Putin vurğulayıb.

Putin ABŞ-la dialoqa hazır olduğunu bildirib

“ABŞ və Rusiyanın mövqeləri bəzən köklü şəkildə haçalanır, ancaq Rusiya dialoqa hazırdır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin kollegiya iclasında deyib.

“Bəzi ikitərəfli və çoxtərəfli məsələlərdə bizim maraqlar, qiymətləndirmələr, mövqelər bəzən həqiqətən də köklü şəkildə haçalanır, bu, hamıya yaxşı məlumdur. Lakin mən yenə də qeyd etmək istəyirəm ki, kontaktlara, fikir mübadiləsinə və konstruktiv dialoqa hazırıq”, - deyə Rusiya lideri vurğulayıb.

O, ABŞ Prezidenti Co Baydenlə görüşün dialoq üçün imkanlar açdığını bildirib: “Prezident Co Baydenlə Cenevrədə keçirilən sammit ABŞ və Rusiya arasında dialoq və münasibətlərin düzəlməsi üçün imkanlar açıb və artıq bəzi işlər görülür. Ən vacibi hər iki tərəfin əldə olunmuş razılaşmanı ardıcıl şəkildə inkişaf etdirməsidir”.

Putin qeyd edib ki, artıq strateji sabitlik və informasiya təhlükəsizliyi problemləri üzrə birgə iş aparılmasına başlanılıb.

Putin: “Belarus-Polşa sərhədindəki miqrant uşaqlara yazığım gəlir”

Rusiya Prezidenti Vladimir Putin Belarus-Polşa sərhədində baş verənlərə münasibət bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin kollegiya iclasında çıxış edən V. Putin Belarusla sərhəddə Polşa təhlükəsizlik qüvvələrinin miqrantlara, xüsusən də uşaqlara münasibətdə hərəkətlərini tənqid edib.

“Gəlin görək Polşa təhlükəsizlik qüvvələri sərhəddə necə davranır. Hər şeyi görürsünüz, internetdə və televiziyada baxırsınız. Orada balaca uşaqlar var. Uşaqlara yazığım gəlir. Amma yox, su səpirlər, gözyaşardıcı qaz bombası atırlar”, - V. Putin vurğulayıb.

Rusiya Prezidentinin sözlərinə görə, Qərb ölkələri miqrasiya böhranından Belarusa təzyiq göstərmək və yeni gərginlik yaratmaq üçün istifadə edirlər: “Bununla belə, onlar humanitar sahədə öhdəliklərini unudurlar”.

.