Rusiyanın Xantı-Mansiysk rayonunun Qornopravadinsk qəsəbəsində məşhur azərbaycanlı neftçi Fərman Salmanovun heykəlinin açılış mərasimi olub.
Virtualaz.org saytı xəbər verir ki, Rusiyanın əməkdar geoloqu, Pravdinsk geoloji ekspedisiyasının ilk rəhbəri olan F.Salmanov Qərbi Sibirdə 30 ildən çox işləyib. Onun iştirakı ilə Sibirdə 150-dən çox neft yatağı açılıb.
İndi xantı-mansiysklilər onun xatirəsini əbədiləşdirir və heykəlini qoyur. Heykəlin müəllifi Dostoyevski, Şoloxov və Vısotski kimi məşhur xadimlərin heykəllərini hazırlayan Aleksandr Rukavişnikovdur.
Heykəlin Qornopravdinsk qəsəbəsində qoyulması da təsadüfi deyil. Məşhur azərbaycanlı neftçi bu qəsəbənin əsasını qoyub, onun başçılıq etdiyi ekspedisiya həmin qəsəbənin yerləşdiyi ərazidə düşərgə salıb.
Xantı-Mansiysk rəhbəri Pyotr Zaxarov açılış mərasimində deyib ki, Fərman Salmanovun açdığı həmin 150 neft yatağı hələ də neft verməkdədir.
"O, həmin yataqların Rusiyanın gələcəyi olacağını görürdü” - deyə Zaxarov bildirib.
Yuqra qubernatorunun müavini Aleksey Putin isə çıxışında deyib: "Bu gün burada deyildiyi kimi, Fərman Salmanov rusiyalı azərbaycanlıdır, onunla Rusiya da fəxr edir, Azərbaycan da. Onun enerjisi sayəsində biz ən birinci neft yatağını açdıq”.
Qornopravdinsk qəsəbəsində F.Salmanovun heykəlinin qoyulması hələ bir neçə il əvvəl planlaşdırılıb. Bu ideya ilə Xantı-Mansiysk rayonunun əhalisi çıxış edib. Salmanovun heykəli Yuqrada ən iri heykəldir.
.