Putin bu gün suallara cavab verəcək
Xəbər verdiyimiz kimi, bu gün Rusiya prezidenti Vladimir Putin ilə ənənəvi canlı yayım olacaq. "Vladimir Putinlə canlı yayım" zamanı dövlət başçısı əhalinin ona ünvanladığı suallara cavab verəcək.
Anspress bildirir ki, bu il ənənəvi sual-cavabda əsasən iqtisadi, sosial və məişət məsələləri ilə bağlı sualların çoxluq təşkil edəcəyi gözlənilir.
Canlı yayım Rusiya vaxtı ilə günorta başlayacaq və Rusiyanın "Pervıy", "Rossiya 1" və "Rossiya 24" kanalları, eləcə də "Mayak", "Vesti FM" və "Radio Rossiya" radiostansiyalarından yayımlanacaq.
Xatırladaq ki, bu, Putinin 14-cü canlı yayımı olacaq. Sual-cavab ənənəsinin təməli 2001-ci ildə qoyulub. 2013-cü ilə kimi canlı yayım qış aylarında olurdu. Lakin son 3 ildə vaxt dəyişdirilib və apreldə keçirilməyə başlanılıb.
Onu da qeyd edək ki, canlı yayım zamanı prezident ona telefon, elektron yolla, eləcə də müxtəlif şəhərlərdə qurulan meydançalara toplaşan əhalinin birbaşa ünvanladığı sualları cavablandırır.
İlk canlı efir zamanı (2001-ci ildə) Putinə cəmi 400 min sual ünvanlanmışdı. Lakin il keçdikcə sualların sayı sürətlə artmağa başlayıb və artıq milyonlarla ölçülür. Belə ki, əgər ilk dəfə Rusiya prezidenti 2 saat 20 dəqiqə efirdə olmuşdusa, 3 il öncə rekord qeydə alınıb - 4 saat 47 dəqiqə. Bu qədər vaxt ərzində o cəmi 85 suala cavab verə bilib.
Ən çox sual isə 2015-ci ildə olub - 3,25 milyon. V.Putin onlardan cəmi 74-nə cavab verməyə imkan tapıb. Canlı efir isə 3 saat 57 dəqiqə davam edib. Suallar əsasən dövlət siyasti, hərbi məsələlərlə bağlı idi.
Sonda daha bir maraqlı məqam. Rusiya prezidenti Vladimir Putinlə bugünkü canlı yayımın əsas mövzularından biri Dağlıq Qarabağdakı vəziyyət ola bilər. Virtualaz.org xatırladır ki, bu fikri dünən rusiyalı politoloqlar səsləndiriblər.
.