Azərbaycan və Rusiya arasında münasibətlər müsbət məcrada inkişaf edir, tərəflər bir çox maraqlı layihələr həyata keçirirlər.
Bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
“Bu gün biz Azərbaycan Prezidenti İlham Əliyevlə danışmışıq. Dünən axşam qeyri-rəsmi olaraq münasibətlərimizin hazırkı vəziyyəti ilə bağlı məsələləri müzakirə etmişik. Dərhal qeyd etmək istərdim ki, əlaqələr müsbət məcrada inkişaf edir. Biz bunu hələ Azərbaycana rəsmi səfərim zamanı qeyd etmişik”, - o bildirib.
V.Putin əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4,3 milyard dollar təşkil edir, Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi isə 4 milyard dolları ötür.
“Həm enerji sektorunda, həm də infrastrukturun inkişafı sahəsində çoxlu sayda yaxşı, maraqlı layihələr var və onların hamısı perspektivli, real, canlı, ikitərəfli və çoxtərəfli layihələrdir”, - Rusiya lideri bildirib.
Onun sözlərinə görə, sevindirici haldır ki, MDB dövlət başçılarının sammiti çərçivəsində cari məlumat, işlər haqqında məlumat mübadiləsi aparmaq və bu irəliləyişə müəyyən düzəlişlər etmək imkanı var: "Bu irəliləyiş isə göz qabağındadır”.
.