Müsəlmanların müqəddəs bayramı olan Qurban Bayramı ərəfəsində Moskva "Cümə" məscidinin təntənəli açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Dövlət Başçısı Mahmud Abbas da iştirak edib. Tədbirə Tatarıstan prezidenti, Çeçenistan, Dağıstan, eləcə də Rusiyanın digər subyekt başçıları, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Moskva meri Sergey Sobyanin, Ümumrusiya azərbaycanlılar Konqresinin, Azərbaycandakı əfqan icmasının və tatar diasporunun nümayəndələri və digərləri də qatılıb.
Açılış mərasimi Qurani-Kərimdən surələrin oxunması ilə başlayıb. Sonra Rusiya müftilər Şurasının sədri Ravil Qaynutdin açılış mərasimində iştirak edənlərə müraciət edib.
Moskva "Cümə" məscidinin bu il 111 yaşı tamam olur. Məscidin möhtəşəm yenidənqurma layihəsinə 10 il sərf olunub.
xatırladaq ki, məscid kompleksi 20 min kvadratmetr sahəni əhatə edir. Burada eyni zamanda 10 min insanın ibadət etməsi mümkündür.
Altı mərtəbəli məscid binası liftlərlə və fiziki imkanları məhdud insanlar üçün lazımi avadanlıqlarla təchiz edilib. Divarları xüsusi naxışlarla işlənən binanı əsas qübbə, iki iri və bir kiçik minarə, həmçinin dörd qüllə bəzəyir.

.