Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq Donald Tramp dövründə iki ölkə arasındakı münasibətlərə qiymət verib.
Putin "Mir" telekanalına müsahibəsində deyib ki, Donald Tramp dönəmində Rusiya ilə ABŞ arasında işgüzar səviyyədə, xüsusən hərbi səviyyədə etimad yaxşı olmayıb: " Hətta deqradasiyaya məruz qalıb".
"Rusiya istər ölkə daxilində, istərsə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrində "rəngli inqlablar”la mübarizə aparacaq”.
Bunu da Rusiya prezidenti deyib.
"Biz bilirik ki, dünyanın müxtəlif regionlarında həyata keçirilən müxtəlif nəzəriyyələr həmin regionlarda sabitliyi ciddi şəkildə pozur. Əlbəttə, buna oxşar heç nəyin yaranmasına imkan verməməliyik. Rusiyada müvafiq tərzdə özümüzü aparmağa çalışacaq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə tərəfdaşlarımıza istənilən formada dəstək verəcəyik”, - deyə V. Putin söyləyib.
Qeyd edək ki, fevralda Rusiya müdafiə naziri Sergey Şoyqu "rəngli inqilablar” coğrafiyasının genişlənməsi təhlükəsinin mövcud olduğunu deyib. Onun fikrincə, bunun qarşısını ancaq səyləri birləşdirməklə almaq mümkün ola bilər.
Xatırladaq ki, KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
"Suriyada təxminən 20 minə yaxın əcnəbi döyüşür. Onlardan 9 mini MDB ölkələrinin vətəndaşıdır".
Rusiya prezidenti Vladimir Putin "Mir" telekanalına müsahibəsində bildirib.
"Bu 9 minin təxminən yarıdan azı isə Rusiya vətəndaşıdır. 5 min nəfər isə Mərkəzi Asiya, KTMT-yə üzv ölkələrin payına düşür. Ona görə də təhlükə çox böyük və realdır. Biz bunu bilirik, bu təhlükənin miqyasını anlayırıq. Təhlükəni minimallaşdırmaq üçün hər şey etməliyik. Bunun üstündə işləyirik", - deyə Rusiya lideri vurğulayıb.
Putin Suriyadakı Rusiya hərbi kontingentinin əsas vəzifələrindən birinin terrorçu təşkilatların tərkibində döyüşənlərin ölkəyə geri dönüşünün qarşısını almaqdan ibarət olduğunu söyləyib: "Suriyada beynəlxalq terrorçularla döyüşən hərbçilərimiz onların geri dönə bilməmələri üçün ordadırlar. Onların əsas məqsədi məhz budur".
"Suriyanın İdlib əyalətində baş vermiş kimyəvi hücumla bağlı iki əsas versiya var”.
Vladimir Putin "Mir" telekanalına müsahibəsində söyləyib.
"Burada bir neçə versiya mümkündür. Onlardan ikisini əsas versiya hesab edirəm. Birinci versiya, Suriya aviasiyasının raketlərinin terrorçuların zəhərləyici maddələrin istehsalı ilə bağlı yeraltı sexlərinə düşməsidir. Bu, mümkündür. Ona görə ki, terrorçular dəfələrlə bu zəhərli maddələrdən istifadə ediblər. İraqda terrorçular beynəlxalq koalisiyaya və İraq ordusuna qarşı da bu vasitələrdən istifadə ediblər. Lakin heç kəs bunu görmək istəmir, bu məsələ ilə bağlı səs-küy salmır. Baxmayaraq ki, hər kəs terrorçuların zəhərli maddələri tətbiq etdikləri ilə bağlı razılaşıb. Demək, onlarda zəhərli maddələr var. Əgər İraqdakı terrorçularda varsa, niyə Suriyada ola bilməz? Onlar ki, bir bandanın üzvləridir”, - deyə o vurğulayıb.
İkinci versiyaya gəldikdə isə Putin bunu qurama, təxribat adlandırıb: "Bunu qəsdən ediblər ki, səs-küy qaldırsınlar, Suriyanın qanuni hakimiyyətinə qarşı əlavə təzyiq göstərmək üçün bəhanə yaratsınlar. Bütün bunlar yoxlanılmalıdır. Yoxlanılmadan Suriyanın rəsmi hakimiyyətinə qarşı hansısa addımların atılmasını mümkün hesab etmirik".
Moskvanın Suriya hakimiyyətinə qarşı hansısa addım atmayacağını deyən Putin rəsmi Dəməşqin kimyəvi silahların ləğvinə dair bütün öhdəlikləri yerinə yetirdiyini bildirib: "Əgər şübhə varsa, yoxlama aparmaq olar".
