KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli "Media forum” saytına açıqlamasında KİV layihələrinin maliyyələşdirilməsi üçün elan olunan müsabiqə şərtlərinin dəyişdirilməsinin səbəblərindən danışıb.
Müsabiqə şərtlərinin dəyişdirilməsi haqda qərar dekabrın 10-da KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclasında çıxarılıb. Həmin qərarla fondun maliyyələşdirdiyi layihələrin icra müddəti 6 aydan 3 aya endirilib. Buna uyğun olaraq müsabiqələrin ildə 2 dəfə deyil, 4 dəfə keçirilməsi də qərara alınıb.
Fondun keçirdiyi müsabiqələrə qatılmaq istəyən qəzetlər üçün müəyyənləşdirilmiş tiraj və yayım şərtləri də dəyişib. Yeni qaydaya görə, müsabiqədə müntəzəm nəşr olunan, dövriliyi həftədə bir dəfədən və tirajı 2500 nüsxədən (əvvəllər bu rəqəm 2000 nüsxə idi) az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi (əvvəlki şərtlərdə 750 nüsxə idi) satılan və ya abunə yolu ilə yayılan qəzetlər iştirak edə bilər.
Dekabrın 12-də "Media forum” saytına açıqlamasında Vüqar Səfərli bildirib ki, bu addımı qəzetlərin inkişafı üçün atıblar: "Bunu etməyimiz qaçılmaz idi. Sonuncu dəfə müsabiqə şərtləri 2 il qabaq dəyişdirilmişdi. Bu 2 ildə dövlət qəzetlərə xeyli vəsait ayırıb. Ona görə də qəzetlər inkişaf etməli, qəzetlərin tirajında və dövriliyində artım olmalıdır. Artımlar var və bizə verilən hesabatlarda da bu öz əksini tapır.
Qəzetlərdə inkişaf olmalıdır. Dövlət mətbuata vəsaiti buna görə ayırır. Qəzetlər həmin vəsaitlə birtəhər baş dolandırmaq yolunu tutmamalıdır. Pul qəzetlərin inkişafına verilir, baş dolandırmağa yox. Əgər inkişaf yoxdursa, deməli, qəzet redaktorları öz üzərində işləmir. Amma onlar daima inkişafda olmalı, abunə kampaniyası aparmalı, çap etdikləri materiallarla qəzetlərində dönüş yaratmalı, alıcılarının sayını artırmalıdırlar.
Redaktorlar arxayınlaşıb düşünsələr ki, tirajı artırmasalar, olduğu kimi saxlasalar da dövlətdən müəyyən vəsait alacaqlar, bu zaman heç bir irəliləyiş olmaz. Ona görə də şərtləri əvvəlki kimi saxlaya bilməzdik”.
Vüqar Səfərli qeyd edib ki, redaktorlara şərtlərdə dəyişiklik olacağı haqda xəbərdarlıq edilmişdi: "Altı ay öncə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası ilə layihələrə - 2013-cü ilin ikinci yarısında icra olunacaq layihələrə baxanda artıq bu məsələ qaldırılmışdı. Biz də bununla bağlı bütün qəzet redaktorlarına məlumat vermişdik. Şərtlərlə uyğunlaşa bilməyən qəzetlər layihələrinin maliyyələşdirilməsi prosesindən kənarda qalacaq”.
.