
Ötən ilin may ayından Salyanda Kür çayı üzərində inşa olunan və smeta dəyəri 12 milyon manat olan körpünün tikintisi başa çatmaq üzrə ikən inşaat işləri dayandırılıb.
Maraqlıdır ki, 5 aşırımlı körpünün 4 aşırımı yüksək səviyyədə inşa olunsa da sonuncu aşırımda - sahilə cəmisi 10-12 metr qalmış işlər saxlanılıb.
"Azəryolservis” ASC mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli virtualaz.org saytının Şirvan bürosuna açıqlamasında həmin körpünün tikintisinin maliyyə çatışmazlığı ucbatından müvəqqəti olaraq dayandırıldığını təsdiqləyib.
"Körpü Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına inşa olunduğundan bu cür layihələrə yenidən baxılması nəzərdə tutulub və maliyyə vəsaitinin ayrılmasından asılı olaraq orada yenidən tikintiyə başlanılacaq. Körpünün tikintisinin tamamlanması üçün az iş qalıb, nəzərdə tutulan işlərin 80 faizi görülüb. Vəsait ayrılsa, işlər tez bir zamanda yekunlaşacaq və körpü istifadəyə veriləcək” - deyə A.Nəcəfli bildirdi.
Xatırladaq ki, Salyan sakinləri bu şəhəri Şirvanla birləşdirəcək körpünün tikilməməsindən hələ sovet dönəmindən əziyyət çəkirlər. Sakinlər su yolu ilə cəmi 250 metr olan məsafəni maşınla 15 km-dək getməklə mənzilbaşına çatıblar. Ya da kustar üsulla düzəldilmiş taxta qayıqlardan istifadə etməklə həyatlarını təhlükəyə atıblar.
Körpü tikintisi üçün 2013-cü il, sentyabrın 6-da Prezidentin Ehtiyat Fondundan Nəqliyyat Nazirliyinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb. Və həmin il oktyabrın 1-də tikinti işləri başlayıb. Körpünün ölçüsü və görülən işlərin keyfiyyəti gözləniləndən də artıq olub.
Avtomobillərin də hərəkətinin mümkün olacağı körpünün eni avtomobillərin gediş-gəliş hissəsində 11,5 metrdir. Körpünin hər iki yanından piyadaların hərəkəti üçün məhəccərlə əhatələnmiş 1,5 metrlik səkilər nəzərdə tutulub. Burada 4 ədəd 33 metrlik aşırım inşa olunub. Eyni zamanda çayın əks sahilində sonuncu dayağın özülü qoyulub.
Beləcə, "Azəryolservis” ASC körpü tikintisinin başa çatdırılmamasını vəsait çatışmazlığı ilə izah edir. Sakinlər isə körpü probleminin tezliklə həll ediləcəyini ümidlə gözləyir.
.