Respublika Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri Hüseyn Seyidovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda şahidlər dindirilib. Prosesdə şahid qismində Xəstəxananın bir qədər əvvəl işdən çıxarılan baş direktoru Ağahəsən Rəsulov da ifadə verib. O, ifadəsində Hüseyn Seyidovun şəffaf insan olduğunu, heç vaxt ondan şikayət olunmadığını deyib. İlkin ifadə ilə məhkəmə zalında verilən ifadə arasında ziddiyyət yarandığını deyən hakim Azad Məcidov, A.Rəsulovun ibtidai istintaq zamanı verdiyi ifadəni elan edib.

A.Rəsulov istintaqa verdiyi ifadəsində təqsirləndirilən şəxsdən pul aldığını açıqlayıb.

A.Rəsulov isə bunun doğru olmadığını deyib.

Proses avqustun 23-də davam etdiriləcək.

Xatırladaq ki, keçən prosesdə təqsirləndirilən Hüseyn Seyidov xəstə yaxınları tərəfindən ona hörmət əlaməti olaraq pul verildiyini və verilən pulu baş direktorla böldüyünü açıqlayıb.

Qeyd edək ki, Hüseyn Seyidov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb. Onun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Hüseyn Seyidovun barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham elan edilib.

.