"Azadlıq” qəzetinin şərhçisi, "Azərbaycan saatı" proqramının aparıcısı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzinin işi üzrə məhkəmə istintaqı başa çatıb.Abşeron Rayon Məhkəməsində keçirilən bugünkü prosesdə ibtidai istintaqı aparmış müstəntiq dindirilib. Sonra prokuror çıxış edib. Dövlət ittihamçısı Seymur Həziyə 6 il həbs cəzası istəyib. Seymur Həzinin guya dalaşdığı deyilən Məhərrəm Həsənova isə 9 ay həbs cəzası istənilib.
Növbəti proses yanvarın 27-də keçiriləcək. Prosesdə vəkillər müdafiə çıxışı edəcəklər.
Prosesi izləmək üçün sədr Əli Kərimli başda olmaqla, AXCP üzvləri və Milli Şura təmsilçiləri, gənc fəallar da məhkəməyə gəliblər.
Virtualaz.org xatırladır ki, jurnalist ötən il avqustun 29-da Ceyranbatanda saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə cinayət işi qaldırılıb. S.Həzi Bakı sakini Məhərrəm Həsənovun başına şüşə butulka ilə zərbə vurmaqda ittiham olunur. .
