“Ermənistan hələ də 10 min hərbçisini Qarabağdan, Azərbaycanın suveren ərazisindən geri çəkməyib”.

Bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Deutsche Welle”-yə müsahibəsində deyib.

O, Ermənistanın bu kimi davranışları ilə 10 noyabr üçtərəfli bəyanatın bir sıra maddələrini yerinə yetirmədiyini qeyd edib.

“Azərbaycan sülh danışıqlarında iştirak üçün əlindən gələni edir. Təəssüf ki, Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın bir sıra maddələrini yerinə yetirməyib. Onlar hələ də Qarabağdan, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisindən Ermənistan silahlı qüvvələrinin təxminən 10 min hərbçisini geri çəkməyiblər və orada 30 tank, 50 artilleriya və digər ağır texnikalara malikdirlər. Onlar hələ də bizim ərazilərimizdə minalar basdırmağa davam edirlər. Bizim üçtərəfli bəyanatın imzalanmasından sonra artıq 200-dən çox mülki itkimiz var. Onlar bizim indi həmin bölgələri minalardan təmizləyən insanların həyatını qorumağımız üçün lazım olan dəqiq mina xəritələrini verməkdən imtina etdilər. Onlar öldürülmüş insanların kütləvi məzarlıqları barədə məlumatları açıqlamırlar. Bütün bunlar onların törətdikləri müharibə cinayətləridir. Biz indi çox da detallara getmək istəmirik - bunlar davam edən leqal prosedurlardır”, - deyə Elçin Əmirbəyov qeyd edib.

Elçin Əmirbəyov: Azərbaycan separatçı qurumu hazırkı humanitar problemdə yeganə cavabdeh tərəf kimi görür

Ermənistanın Azərbaycanı bütün mümkün günahlarda ittiham etmək və yerdəki humanitar çətinliklərlə manipulyasiya etmək məqsədilə dünya miqyasında Azərbaycana qarşı başlatdığı kampaniya regionda status-kvonu möhkəmləndirmək, sülh prosesində iştirakını imitasiya etmək məqsədi daşıyan taktiki addımdır.

Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Deutsche Welle”yə müsahibəsində deyib.

O qeyd edib ki, Ermənistan sülh prosesində irəliləyişin olmamasının bütün günahını Azərbaycanın üzərinə atmağa çalışır.

“Azərbaycan dəfələrlə öz xoşməramlılığını və sülh prosesini irəlilətmək üçün səmimi istəyini sübut edib. Ermənistana sülh sazişinin layihəsini biz təklif etmişik, kommunikasiya xətlərinin yenidən açılması və dövlət sərhədlərinin delimitasiyasından danışmağı təklif edən də bizik”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan dövləti suveren ərazilərindəki separatçı qurumu hazırkı humanitar problemdə yeganə cavabdeh tərəf kimi görür.

“Çünki onlar Azərbaycanı əhalini aclıqdan əziyyət çəkməkdə günahlandıraraq hər şeyi ağ-qara rəngdə təsvir etməyə çalışırlar, lakin eyni zamanda kompromis üçün hər hansı təklifi, digər yollarla bütün humanitar ehtiyacların, qidanın çatdırılmasını rədd edir. Onlar bütün humanitar yardımı, o cümlədən ərzağı başqa yollarla gətirmək üçün Azərbaycanın təklif etdiyi, hər bir maraqlı tərəfin dəstəklədiyi yolları bağlayıblar. Beləliklə, əgər əhalinin humanitar yardıma və ya qidaya ehtiyacı varsa, bunu həyati həll yollarını rədd edərək kiməsə sübut edə bilməzlər”, - o deyib.

.