"Ölkə üçün dəyərli kadr bankının formalaşdırılması olduqca vacibdir".

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsində çıxışı zamanı deyib.

O bildirib ki, məqsədlər hər zaman fərqli olur: "Bəziləri üçün bu müsabiqə əmək bazarının nəbzini tutmaq imkanıdır. Artıq yaxşı nəticələr var. Müsabiqənin qalibləri ən seçilmişlərdir. Təcrübə göstərir ki, ildən-ilə iştirakçıların sayı və keyfiyyəti artır".

E.Hüseynov Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq kontekstində hansı sahələrdə kadrlara ehtiyac olmasına da toxunub.

O söyləyib ki, 30 il ərzində dağıdılan, vandalizmə məruz qalan, tarixi-mədəni abidələrin yerlə yeksan edildiyi Qarabağa bu gün həyat yenidən qayıdır.

"Şəhər və kəndlər yenidən bərpa olunur. Orada aparılan yenidənqurma prosesləri heç bir ali təhsil müəssisəsində tədris olunmur. Bu, qeyri-standart situasiyadır. Bu vəziyyətdə necə qərar qəbul etməyi öyrənmək böyük üstünlükdür. Bizə də bu vəziyyətdə operativ, düzgün və kreativ qərar verə bilən kadrlar lazımdır. Ümid edirəm aranızdan belə kadrlar seçiləcək", - Prezidentin xüsusi nümayəndəsi vurğulayıb.

.