“Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda VIII Qlobal Bakı Forumunun açılış mərasimində bir çox çıxışlar oldu. Bu gün dünyada baş verən proseslərin ən mühüm, bütün beynəlxalq ictimaiyyəti maraqlandıran məsələlər ətrafında müxtəlif fikir mübadilələri aparıldı. Tanınmış beynəlxalq insanlar öz fikirlərini bölüşdü”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Ş. Mövsümov bildirib ki, ənənəvi Qlobal Bakı Forumu artıq dünya ictimaiyyətini maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi üçün platformaya çevrilib: “Bu gün hamını maraqlandıran “COVID-dən sonrakı dünya necə olacaq”, “Həm siyasi, həm iqtisadi proseslər necə baş verəcək” sualları ətrafında bir neçə gün Bakıda Qlobal Forum çərçivəsində dünya nümayəndələrinin iştirakı ilə müzakirələr keçiriləcək. Burada bir çox məsələ var. Təbii ki, COVID pandemiyası hələ başa çatmayıb. Proses hələ gedir, amma artıq bu suallar əmələ gəlir ki, pandemiyadan sonra nə baş verəcək? Ümid edirəm ki, bu söhbətlər çox maraqlı olacaq”.

Ş. Mövsümov vaksin millətçiliyi ilə bağlı məsələyə də toxunub: “Bu gün cənab Prezident də çıxışında vaksin milliyyətçiliyi ilə bağlı fikirlərini bildirdi. İnkişaf etmiş ölkələrdə hazırda vaksinasiya artıq 60-70 faizə çatıb. İnkişaf etməkdə olan ölkələrdə isə bu, heç 10 faizə də çatmayıb. Təbii ki, bu, ədalətsiz, qeyri-bərabər yanaşmadır. Hamımız başa düşürük ki, pandemiya qlobaldır. Hansısa ölkə pandemiyanı təkbaşına bitirə bilməz. Yəni, bütün ölkələr birlikdə olub, pandemiyaya qarşı mübarizədə birləşməlidir ki, pandemiya bitsin”.

.