Bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və media məsələləri üzrə nazirlərinin ilk görüşü keçirilib.

Təşkilatın mətbuat xidmətinin verdiyi məlumata görə, görüşdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qazaxıstanın investisiya və inkişaf naziri Asset İssekeşev, Qırğız Respublikasının mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksudov, Türk Şurasının baş katibi (moderator) Ramil Həsənov iştirak edib.
Görüşdə təşkilata üzv ölkələr arasında informasiya və media sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüş iştirakçıları seminarlar, forumlar, treninqlərin keçirilməsi yolu ilə milli xəbər agentlikləri, dövri mətbuat və televiziya kanalları, eləcə də təşkilata üzv ölkələrin jurnalist ittifaqları arasında əməkdaşlığı dəstəklədiklərini bildiriblər.

.