Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Rusiya Federasiyasının Dağıstan Respublikasının uzun illər rəhbəri olmuş, ümummilli lider Heydər Əliyevlə birgə çalışmış, Azərbaycana yüksək ehtiram bəsləyən Maqomedali Maqomedov “Dostluq” ordeni və SSRİ xalq artisti, görkəmli bəstəkar və dirijor, uşaqlıq və gənclik illəri Azərbaycanda keçmiş Murad Kajlayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdirlər.

Bununla bağlı, cari ilin 12 noyabr tarixində Səfir Polad Bülbüloğlu Rusiya Federasiyasının Dağıstan Respublikasına səfər etmiş, Dağıstanın rəhbəri Sergey Melikov, Maqomedali Maqomedov və Murad Kajlayevlə görüşmüşdür.

S. Melikovla görüş zamanı Azərbaycan ilə Dağıstan arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, eləcə də Yaraq-Qazmalar (Rusiya Federasiyası) – Samur (Azərbaycan Respublikası) dövlət sərhəd keçid məntəqəsi ərazisində mövcud vəziyyət müzakirə olunmuşdur. 

Polad Bülbüloğlu Dağıstanın rəhbərini ölkəmizə səfərə dəvət etmişdir. 

M. Maqomedovla görüşdə Azərbaycanın Səfiri ali mükafatı ünvan sahibinə təqdim etmiş, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərini qeyd edərək ona Prezident İlham Əliyevin təbriklərini çatdırmışdır.

M. Maqomedov xalqımız, ümummilli lider Heydər Əliyev haqqında yüksək fikirlər söyləyərək, onunla birgə çalışdığı illəri xatırlamışdır. Həmçinin Azərbaycanın 90-cı illərdə üzləşdiyi çətinlikləri yada salaraq qeyd etmişdir ki, məhz Ulu Öndər Heydər Əliyev ölkəmizi düşdüyü ağır vəziyyətdən çıxarmış və Azərbaycan inkişaf yoluna qədəm qoymuşdur. Bu gün də bu yolun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulamışdır.

M. Maqomedov göstərilmiş yüksək diqqətə görə dövlət başçımıza öz dərin təşəkkürünü bildirmişdir.

M. Kajlayevə fəxri diplomun təqdimetmə mərasimi “Xüsusi istedadlı uşaqlar üçün M. Kajlayev adına Respublika İncəsənət Məktəbi”ndə keçirilmişdir. 

Məktəb xorunun ifasında öncə Azərbaycan, Rusiya və Dağıstanın himnləri səsləndirilmişdir. Daha sonra isə Polad Bülbüloğlunun “Eşq və ölüm” baletindən musiqi parçaları, eləcə də Tofiq Quliyevin Bakı haqqında mahnısı ifa olunmuşdur.

Səfir Prezident İlham Əliyevin Murad Kajlayevə ünvanlanmış təbrik məktubunu oxumuş və Prezidentin yubilyara xoş arzularını çatdırmışdır.

Öz növbəsində M. Kajlayev Prezidentimizin ali ünvanına xoş sözlər səsləndirmiş və ona dərin təşəkkürünü bildirərək, Bakı ilə bağlı əziz xatirələrini bölüşmüşdür. Bundan əlavə, bəstəkar şəxsi arxivindən vaxtilə rəhbərlik etdiyi orkestrin “akademik” statusu alması ilə bağlı ümummilli lider Heydər Əliyevin ona ünvanladığı 1993-cü ilə aid təbrik məktubunu Polad Bülbüloğluna təqdim etmişdir. Səfir sözügedən əmanəti Heydər Əliyev Fonduna təqdim edəcəyini bildirmişdir. 

M. Maqomedov və M. Kajlayev ilə keçirilmiş görüşlərdə Dağıstanın rəhbəri Sergey Melikov da iştirak etmişdir. 
 

.