Finlandiya Prezidenti və Baş naziri ölkənin NATO-ya üzvlüyünü dəstəkləyib.

Prezident Sauli Niinistö Baş nazir Sanna Marinlə birgə bəyanatında ölkəsinin NATO-ya üzvlüklə bağlı müraciət etməli olduğunu bəyan edib.

“Finlandiya gecikmədən NATO-ya üzvlük üçün müraciət etməlidir”, -Niinistö və Marinin birgə bəyanatında qeyd olunub.

Bəyanatda bildirilib ki, son aylarda Finlandiyanın NATO-ya mümkün üzvlüyü ilə bağlı vacib müzakirələr gedib.

"Parlamentə və Finlandiya cəmiyyətinə müəyyən zaman lazım oldu ki, bu məslə ilə bağlı mövqe formalaşdırsınlar. Həmçinin NATO müttəfiqləri və beynəlxalq tərəfdaşlarla, İsveçlə yaxın müzakirələrin keçirilməsi zaman tələb etdi. Biz bu məsələnin müzakirəsi üçün lazımi zaman verdik.

İndi qərar vermə anı yaxındır və biz parlament qrupları və partiyalar üçün bəyan edirik ki bu məslə ilə bağlı eyni yanaşmanı bölüşürük. NATO-ya üzvlük Finlandiyanın təhlükəsizliyini gücləndirəcək. NATO üzvü kimi Finlandiya bütün alyansın müdafiəsini gücləndirəcək. Finlandiya gecikmədən alyansa üzvlük üçün müraciət etməlidir. Biz ümid edirik ki, bu qərarın reallaşması üçün milli addımlar yaxın günlər ərzində sürətlə atılacaq", - qeyd olunub.

Qeyd edək ki, Rusiya ilə 1 300 kilometr uzunluğunda sərhədi olan Finlandiya Ukraynada müharibədən öncə şərq qonşusu ilə münasibətləri qorumaq məqsədi ilə NATO-dan kənarda qalmağa üstünlük verirdi.

.